Kocaelidəki partlayış təxribatdır? – RƏSMİ AÇIQLAMA

 

Türkiyənin Kocaeli vilayətində Kənd Təsərrüfatı Məhsulları İdarəsinin Derince limanı ərazisində yerləşən anbarında baş verən partlayışla bağlı araşdırmalar davam edir.

Partlayışın təxribat olub-olmaması ilə bağlı Türkiyə Kənd Təsərrüfatı Məhsulları İdarəsinin baş direktoru Əhməd Güldal “CNN Türk” telekanalına müsahibə verib.

Milletinsesi.az xəbər verir ki, onun sözlərinə görə, 12 nəfərin yaralandığı partlayışın təxribat olma ehtimalı zəifdir.

Ərazidə güclü təhlükəsizlik tədbirlərinin görüldüyünü qeyd edən Əhməd Güldal partlayışa səbəb ola biləcək təxribat ehtimalını qiymətləndirib.

“Bura liman ərazisidir və təhlükəsizlik testindən keçməyən heç kim içəriyə daxil ola bilməz. İstər dövlət məmuru olsun, istər işçi olsun, istər biznes sahibi olsun, heç kimin təhlükəsizlik testindən keçmədən daxil olması mümkün deyil. Təbii ki, bütün ehtimallar dəyərləndiriləcək, lakin təxribat zəif bir ehtimal olaraq nəzərdə tutulur”, – deyə o bildirib.

Əhməd Güldal təhlükəsizlik kameralarının yoxlandığını və ətraflı araşdırmadan sonra partlayışın səbəbinin məlum olacağını nəzərə çatdırıb.

“Araşdırma aparılacaq. Həmçinin daxildən hər hansı sui-istifadə və ya təxribat variantları da qiymətləndiriləcək”, – deyə o əlavə edib.

Əhməd Güldal eyni zamanda partlayışın böyüklüyünə də diqqət çəkib.

“Ölkəmizdə bu miqyasda partlayış ilk dəfə baş verir. Qurumun tarixində ilk dəfədir ki, belə böyük partlayışla qarşılaşırıq”, – deyə o vurğulayıb.

Mənbə: CNN Türk

 

 

Share: