Dilimizdə nə qədər söz var?

Dünya əhalisi müxtəlif dillərdə danışaraq bir-biri ilə ünsiyyət qurur. Hansı dilin daha zəngin, daha güclü dil olması hər zaman müzakirə mövzusu olub. Burada nəzərdən keçirilən kriteriyalardan biri də dilin lüğət tərkibidir. Yəni ümumi qəbul edilən fikir belədir ki, bir dilin söz ehtiyatı nə qədər çoxdursa, o dil zəngin dil hesab oluna bilər.

 

Ehtimal olunur ki, ən çox aktiv danışılan sözlərin olduğu dil ingilis dilidir. Oksford ingilis dili lüğətində 615 100 söz var. (Bu barədə daha ətraflı Modern.az-ın araşdırmasını oxuya bilərsiniz)

Bəs Azərbaycan dili necə? Dilimizin lüğətində nə qədər söz var və onu zənginləşdirmək üçün nələr etmək lazımdır?

 

110 mindən 90 minə…

 

Modern.az-a açıqlama verən Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, dilçi-alim Möhsün Nağısoylu bildirib ki, əsas problem Azərbaycan dilinin etimologiya lüğətinin olmaması ilə bağlıdır.

 

“Azərbaycan dilinin etimologiya lüğəti indiyə kimi hazırlanmayıb. Halbuki digər xalqların çoxu etimologiya lüğətini hazırlayıb. Tatarlar, yakutlar, başqırdlar, qazaxlar, Türkiyə türklərin özü, ancaq bizdə yoxdur.

Azərbaycan dilinin izahlı lüğətinin birinci cildi 1966-ci ildə 4 cilddən ibarət çap olunub. Sonuncu isə 1987-də çap edilib. Bu müddət ərzində bizim dilimizə nə qədər söz daxil olub. Azərbaycan dilinin izahlı lüğətdə 40 minə yaxın söz var. Orfoqrafiya lüğətində isə 2013-cü ildə 100 min idi, ancaq məlum oldu ki, orada təkrarlanan, qondarma sözlər var. Ona görə sonuncu, 2021-ci ildə lüğətdə 90 min söz müəyyən edilib. 2021-ci il orfoqrafiya lüğətinin son versiyasına 2013-cü ildən sonra dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın söz daxil edilib.  Lüğətə ümumişlək sözlərin demək olar ki, hamısı  daxil edilib. Ola bilər ki, daxil edilməyən, unudulmuş sözlər olsun. Lüğət elə bir şeydir ki,   sözlər unudula bilər. Ancaq gündəlik istifadə olunan sözlər maksimum daxil edilib. Qeyd edim ki, 40 faizdən çox söz alınmadır. Dilimizə hər il daxil olan sözləri demək çətindir”.

 

Başqa türk dillərindən alınma sözlər köməyimizə gələ bilər…

Dilçi-alim hesab edir ki, Azərbaycan dilin zənginləşməsi daxili imkanlar hesabına baş tutmalıdır:

“Əcnəbi sözlərin də dilə əlavə olunması qaçılmazdır. Bəzi şəxslər dilə o qədər əcnəbi sözlər gətiriblər ki, yerli-yersiz necə gəlir istifadə olunur. Problem ondadır ki, biz sözləri başqa dillərdən olduğu kimi götürürük. Halbuki dilin öz daxili imkanları hesabına söz yaratmaq olar. 

 

Dilin zənginləşməsi mənbələrindən biri dialektlərdir. Dialektlərdə qədim sözlərimiz öz varlığını qoruyub, saxlayıblar. Məsələn, türkçə belədir, sözün qarşılığını tapıb işlədirlər. Azərbaycan dilini zənginləşdirməyin digər yolu, başqa  türk dillərindən alınma sözlər hesabına ola bilər. Müasir dövrdə türk dövlətlərinin bir-birinə yaxınlaşması proses gedir. Belə olan halda niyə dildə də bu özünü göstərməsin?”

 

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva isə Azərbaycan dilinin zəngin olduğunu düşünür.

 

“Azərbaycan dili zəngin dildir. Nitqimizin zənginləşməsinə ehtiyac var. Bizim dil çox zəngindir. Dialektlər hesabına dilimiz lüğət tərkibi genişləndirə bilərik. Dilimizin lüğət tərkibinə alınma sözlər gətirməklə nitqi ağırlaşdırmağa ehtiyac yoxdur.  Elə dialektlər, ümumişlək sözlər seçə bilərik ki, onlar aktiv şəkildə dilimizn lüğət tərkibinə daxil olsunlar. Belə olduqda, bizim dilimiz daha da zənginləşər. Bu dilin daha  gözəl, anlaşıqlı olmasına zəmin yaratmış olar”.

 

Sevinc Əliyeva Azərbaycan dilinin zənginləşməsi, nitqin formalaşmasında media nümayəndələrinin ən ciddi təbliğat vasitəsi olduğunu vurğulayıb: 

“Bizim bəzi media nümayəndələrimiz  özlərinə məxsus, qəbul  edilməyən , Azərbaycan  dilinin qrammatik qanunauyğunluqlarına, dilimizin lüğət tərkibinə uyğun olmayan sözlər gətirirlər. Bu sözlərin televiziya, radio ekranlarında eşidilməsi, saytalarda yayımlanması bizim çox gözəl olan dilimizi zənginləşdirmək əvəzinə, eybəcərləşdirir. Onların fərdi üslubları hesabına, yerli- yersiz alınmalardan istifadə olunması dilimizin leksik normalarına, lüğət tərkibinə uyğun olmayan yad sözlərlə Azərbaycan dilini  kasadlaşdırır. Azərbaycan dilinin ehtiyatı  məsələsinə özləri də bilmədən və ya bilərək xələl gətirirlər.  Bu bizi çox təəssüfləndirir. Bu barədə mütəmati olaraq tövsiyə və təkliflərimizi veririk. Media nümayəndələrinin də təkliflərinə açığıq. Mart ayından biz təlimlərə başlayacağıq. Təlimlərdən sonra bu hal yenə müşahidə olunarsa, monitorinqlərimizin  nəticələrindən sonra cərimələrin tətbiq olunması üçün vəsatət  qaldıracağıq”.

Mənbə

Share: