“Dinamo” sıradan komanda olmamalıdır – MÜSAHİBƏ

“Dinamo” sıradan komanda olmamalıdır – MÜSAHİBƏ

 

“Dinamo” uzun fasilədən sonra yenidən futbol üzrə ölkə çempionatında yarışacaq. Dönüş II Liqaya təsadüf etsə də, hədəflər böyükdür. Qarşıdakı illərdə “Dinamo”nu pillə-pillə irəliləyərək Premyer Liqaya yüksələn görəcəyik.

Klubun İdarə Heyətinin rəhbərinin Yaşar Seyidov olması belə deməyə əsas verir. İllərlə Azərbaycan futbolunda çalışan bu şəxsin təcrübəsi uğurlu olmağa yardım etməlidir.

Modern.az Yaşar Seyidovla müsahibəni təqdim edir.

– Yaşar müəllim, uzun fasilədən sonra yenidən klub funksionerliyi fəaliyyətinə qayıtmısınız. Özü də sizə doğma olan “Dinamo” klubunun yenidən bərpası ilə. Təəssüratınız necədir?

– Açığı, nə qədər təcrübə olsa da, həyəcanlıdır, böyük məsuliyyətdir.

– AFFA Icraiyyə Komitəsinin “Dinamo” ilə bağlı qərarı bir qədər gözlənilməz oldu. Bir qədər aydınlıq gətirərdiniz?

– Açığı, AFFA rəhbərliyi ilə mütəmadi görüşlərimiz olurdu. Son vaxtlar perspektivli oyunçuların hərbi xidmətə görə futboldan uzaq qalmalarına dair mətbuatda yazılara da rast gəlinirdi. Əsasən də milliyə çağırılan futbolçular problemlərlə üzləşir. Baş katib Sərxan Hacıyevlə bu məsələni müzakirə etdik, məsləhətləşmələrdən sonra ümumi qərara gəlindi ki, “Dinamo” klubun bərpası yerinə düşər, problemlərin qismən də olsa, həll olunmasına kömək olar.

Qısa müddətdə layihə hazırlayıb AFFA-ya  təqdim etdim. Daxili İşlər Nazirliyi rəhbərliyi ilə danışıqlar çox müsbət alındı və klubun təsisçiliyi həll edildi. Fürsətdən istifadə edib AFFA, DİN rəhbərliyinə işlərin operativ həll edilməsinə görə öz dərin təşəkkürümü bildirirəm.

– Belə başa düşülür ki, klubun yaradılmasında əsas məqsəd futbolçulara hərbi xidmət məsələlərində kömək göstərməklə onların futboldan uzaq düşməməsinə nail olmaqdır.

– Əsas qollardan biri bu olacaq. Hədəf isə komandanın formalaşması və yaxın illərdə daha iddialı kluba çevrilməsidir. “Dinamo” sıradan komanda olmamalıdır. Planlarımız daha əhatəlidir.

– Yaşar müəllim, iddialı klublarda çalışdıqdan sonra II Liqa necə görünür?

– AFFA, PFL tərəfindən bu mövsümdən etibarən l, ll Liqaların yaradılması, formatının dəyişdirilməsi, əvəzedicilər çempionatının yenidən ayrı yarış olaraq keçirilməsi qərarı hamını sevindirdi. AFFA-nın təşkilatçılığı, dövlətin maliyyə yardımı olmadan, bunları həyata keçimək mümkün olmazdı. İnanıram ki, tədricən sponsorlar da prosesə qoşulacaq, komandaların dayaqları artacaq, sabitlik yaranacaq. Bölgələrimizi təmsil edəcək komandaların olması çox müsbətdir haldır. Təəssüf ki, yarışlarda çıxış etmək istəyən bəzi komandalar kənarda qaldı. Nə qədər heyfsliənsək də, səbr nümayiş etdirilməlidir. Uzun fasilədən sonra liqaların, bu qədər klubların yaradılması, yarışlarda iştirak etməsi gələcəyə ümid verir və digər komandaların da növbəti illərdən oynayacağını şərtləndirir. Bu mövsümü sınaq ili kimi qiymətləndirərdim.

– Yaşar müəllim, belə başa düşülür ki, klub “Dinamo”nun verisliyini dayışacaq, bəs “Bakı”?

– “Bakı” varis deyildi, sadəcə, biz yüksək liqada yerimizi o kluba vermişdik. Ona görə də “Bakı”nın yaradılma tarixi 2004-cü il göstərilirdi. Mənim də “Bakı” klubunda fəaliyyətim belə düşüncələrə səbəb olub. Ümumiyyətlə, “Dinamo” klubunun tarixi Azərbaycanda, paytaxtımızda daha qədimdir.

– Açıqlayardınız…

– Hələ 1960-cı ildə Bakı “Dinamo”su SSRİ çempionatının birinci dəstəsində çıxış edib. Azərbaycan futbolunda “Dinamo” adı 60-70 il öncəyə gedib çıxır. Gəncə “Dinamo”su isə vaxtilə “Neftçi” ilə birgə respublikamızı SSRİ güclülər dəstəsində təmsil edib. Biz sadəcə müstəqillik illərimizdə, 1997-ci ildə “Dinamo” klubunu yenidən yaratdıq.

– Yeri gəlmişkən, bəzi azarkeşlər “Dinamo” adını keçmişdən qalma da sayır.

– Gənc nəsli başa düşmək olar, fərqli mühitdə böyüyüblər. Futbol tarixinə həssas baxılmalıdır. Postsovet məkanında indiki vəziyyəti hamı bilir, amma heç kim Kiyev, Tiflisi “Dinamo”sunun adının dəyişdirilməsi məsələsini qaldırmır. Ən güclü komandalarımızdan olmuş Gəncə “Dinamo”sunu necə Azərbaycan futboul tarixindən silmək olar?  Bir də ki, “Dinamo” adı tək SSRİ ilə assosiasiya edilməməlidir. Almaniyanın, Xorvatiyanın eyniadlı komandaları bu gün də öz liqalarında, Avropada öz sözünü deyirlər. Hətta Hyüston “Dinamo”su Amerika MLS-ində çıxış edir. Yəni, “Dinamo” adı bütün dünyaya yayılan, qəbul edilən beynəlmiləl addır və futbolda layiqli yerini tutur.

– Komanda paytaxtın hansı stadionunda çıxış edəcək?

– Bu yöndə ciddi işlər gedir, seçimlərimizi edirik. Artıq bir neçə stadionu baxışdan keçirmişik. Yaxın vaxtlarda bu barədə rəsmi açıqlama veriləcək.

– II Liqada çıxışınızdan nə gözləmək olar?

– İlkin mərhələdə qarşımızda duran vəzifə komandanın formalaşdırılmasıdır. Vaxt olmasa da, ən yaxşısını etməyə çalışacağıq. U-19, U-21 yığmasının məşqçiləri ilə görüşlərimiz planlaşdırılır. Klublardan icarə əsasında istedadlı futbolçuları heyətə cəlb etməyə çalışacağıq ki, müəyyən dövr kəsiyində futbolsuz qalmasınlar, illərini itirməsinlər, formadan düşməsinlər, daimi oyun praktikaları olsun. Eynilə Premyer Liqa, I Liqa klubları ilə daimi əlaqədə olacağıq.

– Belə başa düşülür ki, “Dinamo” yaş qrupları üzrə yığmalar üçün baza rolunu oynayacaq?

– Əsas məqsədlərdən biri də budur. Azərbaycan futbolu perspektivli, istedadlı futbolçuları itirməməlidir. Onsuz da ölkə futbolunda bu sarıdan böyük qıtlıq yaşanır. Bu boşluq tədricən aradan qaldırılmalıdır.

– MOİK də bu vəzifəni yerinə yetirir.

– Rəqabət ancaq işin xeyrinə olar, gənc futbolçuların inkişafını təmin edər.

– Yığma oyunçuları II Liqada çıxış etməyə razılıq verəcəklərmi?

– İlk dövrdə müəyyən çətinliklər yarana bilər. Bu işlərdə AFFA rəhbərliyi, klublarla sıx təmasda olacağıq. Bir də ki, “Dinamo” II Liqada daimi məskunlaşmaq fikrindən uzaqdır. Eynilə, klubun nəzdində uşaq futbolu ilə bağlı layihələrimiz, planlarımız var.  Hədəfimiz, iddiamız ildən-ilə peşəkarlaşmaq, daha da yuxarılara addımlamaq, adımıza layiq çıxış etməkdir.

Mənbə