Dövlət Komitəsində Henri Cekson cəmiyyətinin elmi işçisi ilə görüş keçirilib

Yanvarın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə səfərdə olan Böyük Britaniyanın müstəqil beyin mərkəzi olan Henri Cekson cəmiyyətinin elmi işçisi, Kiyev-Mohyla Akademiyasının Milli Universitetinin professoru Taras Kuzio ilə görüşüb.

 

Qonağa Ermənistanın işğalçılıq və deportasiya siyasəti və bunun nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın vəziyyəti haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, keçmiş məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi həssaslıqla yanaşır.

 

2020-ci ildə 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizin azad edilməsindən sonra regionda yeni reallıqlar yarandığı, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına reinteqrasiya tədbirlərinin icrasına başlanıldığı diqqətə çatdırılıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə müasir texnologiyalar tətbiq edilir, “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyası əsasında yeni yaşayış sahələri inşa olunur. Bu konsepsiya əsasında inşa olunmuş Zəngilan rayonunun Ağalı kəndində 66 ailə məskunlaşıb, bu il daha 113 ailənin köçürülməsi nəzərdə tutulub. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirildiyi, lakin hərbi təyinatı olmayan ərazilərin belə Ermənistan tərəfindən minalanması məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesini ləngitdiyi bildirilib.

 

Qonağa məlumat verilib ki, ötən ilin noyabr ayında Prezidentin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir.

 

Henri Cekson cəmiyyətinin elmi işçisi, Kiyev-Mohyla Akademiyasının Milli Universitetinin professoru Taras Kuzio səmimi qəbula görə təşəkkür edib.

 

Qonağın məcburi köçkünlük və Böyük Qayıdışla bağlı çoxsaylı sualları cavablandırılıb.

 

Mənbə

Share: