“Dünya çempionatındakı nəticədən sonra bu uğuru gözləyirdik”

 

“Mayda Yaponiyada keçirilən kudo üzrə dünya çempionatındakı nəticədən sonra bu uğuru gözləyirdik”.

Bunu Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının prezidenti Rafael Bünyatov Yaponiyada təşkil edilən beynəlxalq turnirdə 5 qızıl, 1 gümüş medal qazanan idmançıların Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəhbəri katada 18-19 yaş kateqoriyasında qızlar arasında Sevinc Mövsümzadə (50 kq) və +40 yaş kateqoriyasında veteranlar arasında Nazim Mövsümzadənin qızıl, 16-17 yaş kateqoriyasında oğlanlar arasında Kənan İsmayılzadənin (60 kq) isə gümüş medal qazanmasına münasibət bildirib. O, adıçəkilən idmançıların hər birinin şəxsi kumitedə də birinci yeri tutduqlarını xatırladıb: “Turnir bu il Yaponiyada keçirilən ikinci yarışdır. Mayda kudo üzrə dünya çempionatı da orada keçirilmiş və iki idmançımız qızıl medal qazanmışdı. Budəfəki beynəlxalq turnirdə isə həm baş məşqçimiz Nazim Mövsümzadə, həm onun qızı Sevinc Mövsümzadə, həm də Kənan İsmayılzadə uğurlu çıxış etdilər”.

R.Bünyatov, eyni zamanda, yarış ərəfəsində Ümumdünya Koşiki Karate-do Federasiyasının (WKKF) rəhbəri, 10-cu dan qara kəmər sahibi professor Massayuki Kukan Xisataka tərəfindən beynəlxalq seminarın keçirildiyini də sözlərinə əlavə edib: “Sevindirici haldır ki, Xisataka həmin seminarda özünə köməkçi kimi Nazim Mövsümzadəni seçmişdi. Həmçinin, orada mənim 6-cı dan qara kəmərim də təsdiqləndi”.

O, artıq qarşıdakı turnirlər barədə düşündüklərini vurğulayıb: “Bundan sonra da yarışlar olacaq. Planlı şəkildə turnirlərə hazırlaşırıq. Hədəfimiz qatıldığımız bütün yarışlarda zirvəyə çıxmaq, birinci olmaqdır”.

Mənbə

Share: