Dünya gözəli seçildi, atasını ona görə öldürdülər, bütün şəkillərini yandırdı…

 

Millətin Səsi.sz kulis.az-a istinadla 1912-ci ildə Parisdə keçirilən dünya gözəllik yarışmasının qalibi məşhur Mehmandarovlar nəlsinin nümayəndəsi Sona Mehmandarova haqqında maraqlı faktları təqdim edir.

Məşhur Qarabağ xanı İbrahimxəlil xanın hakimiyyəti dövründə sarayında çox hörmət etdiyi Mirzə Əli bəy adlı bir şəxs olur. Mirzə Əli bəyin saraydakı vəzifəsi saraya gələn qonaqları hörmətlə qarşılayıb yola salmaq olub. Bu səbəbdən ona “Mehmandar” adı verilir. İşinin öhdəsindən yüksək səviyyədə gələn Mirzə Əli bəy təkcə saray adamlarının deyil, bütün Qarabağ əhlinin hörmət etdiyi adama çevrilməyi bacarır. El arasında onun özü və ailəsi Mehmandar, sonralar isə Mehmandarov soyadı ilə tanınırlar.

***

Mehmandarovların Lənkəranda məskunlaşmasının çox maraqlı tarixçəsi var. Tədqiqatçıların yazdıqlarına görə, əslən Şuşadan olan Mirzə Sadıq bəy Mehmandarov burada rus-tatar məktəbini bitirdikdən sonra Peterburq Universitetinin hüquq fakültəsinə daxil olur. Burada Hacı Mir Abbas bəy Talışinski ilə tanış olur. Tələbəlikdən başlanan bu tanışlıq möhkəm dostluğa və mehriban qohumluğa çevrilir. Belə ki, Mirzə Sadıq bəy Peterburqda təhsilini başa vurduqdan sonra dostu Mir Abbas bəy onu Lənkərana öz mülkünə baş hüquqçu vəzifəsinə dəvət edir. Bu dəvəti məmnuniyyətlə qəbul edən Mirzə Sadıq bəy Mir Abbas bəyin malikanəsində işə başlayır.

***

Tale elə gətirir ki, Sadıq bəy xoşbəxtliyini də bu nəsildə tapır. Mir Abbas bəyin yaxın qohumu, general-mayor Mir Mustafa bəy Talışinskinin nəvəsi Bikə xanımla ailə qurur. Bu izdivacdan onların on övladı olur. Övladlarının əksəriyyətinin Tiflisdə, Peterburqda təhsil almasına şərait yaradan Mirzə Sadıq bəy illər sonra Səməd bəy Mehmandarov və Nağı bəy Mehmandarov kimi oğulları ilə fəxr edir. O Səməd bəy Mehmandarov ki, hərb tariximizə adı qızıl hərflərlə yazılır.

Elə qardaşı Nağı bəy də Avropa təhsili görmüş, çox gənc yaşında Lənkəran şəhərinin “qradonaçalniki” (şəhər rəisi) vəzifəsinə təyin edilmiş ziyalılardan idi. Nağı bəyin qızı Sona Mehmandarova 1894-cü ildə, bəzi mənbələrdə isə 1896-cı ildə Lənkəranda dünyaya gəlib.

***

Xoşxasiyyət, müasir düşüncəli Nağı bəy qızı Sona dünyaya gələndə “Mənim qızım savadlı və ağıllı qız olacaq” – deyə onu bağrına basaraq qız olduğu üçün dodaq büzənləri heyrətləndirir.

***

Atası Sonanın da təhsil almağını istədiyindən onu gimnaziyada oxutdurur. Sona xüsusi müəllimlərdən fransız və rus dillərində mükəmməl səviyyədə dərs alır.

***

Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə əhəmiyyət verdiyindən qızına gələn elçiləri rədd edir.

***

Bu cür rədd cavabı alan elçilərdən biri Əhməd bəy Zeynalov 1910-cu ildə Nağı bəyi öldürərək dənizə atır. Hadisəni Nağı bəyin xidmətçisi görür və məsələnin üstü açılır. Qatillər Sibirə sürgün edilir.

***

Atasının ölümündən sonra Sona Lənkəranı tərk edib Bakıya anasının qohumlarının yanına gəlir. 1912-ci ildə qohumlarının təkidi ilə gözəllik yarışmasına qatılır. Burada qalib olan Sona Tiflisdə keçirilən digər müsabiqəyə qatılır və burada “Qafqaz incisi” tituluna layiq görülür. O, Tiflisdən sonra Sankt-Peterburqa da birinciliyə layiq görülür. Və nəhayət, Sona 1912-ci ilin sonunda Parisdə keçirilən beynəlxalq əhəmiyyətli müsabiqədə qalib gələrək, “Dünya gözəli” titulunun, “Qran-Pri”nin sahibi olur.

***

Bu yarışmalardan və dünya gözəli titulunu qazandıqdan sonra onun məşhurluğu dünyaya yayılır. O, Bakıya qayıtmır və Sankt-Peterburqda yaşamağa başlayır. Müsabiqədən bir il sonra o, ailəsi razı olmasa da, 1913-cü ildə əslən dağıstanlı olan Uruzovla ailə həyatı qurur.

                                                                              Birinci sıradan sağdan dördüncü Sona Mehmandarova

Rusiya inqilablarından sonra hakimiyyəti ələ keçirən bolşeviklər ölkədəki şəxsi mülkləri dövlətin mülkiyyətinə çevirir. Bununla, Sona xanımın ailəsi müflisləşir. Əmisinin hərbi nazir olduğu Azərbaycan Demokratik Respublikası qurulsa da, Sona yenə Azərbaycana qayıtmır. Tezliklə bolşeviklər Azərbaycanı da işğal edir. Bu dövrdə bir sıra tanınmış bəy ailələri, o cümlədən Mehmandarov və Talışxanovlar təqiblərə məruz qalır. Sona xanım RSFSR-nin maarif naziri Anatoli Lunaçarskinin himayəçiliyində olduğu Moskva şəhərinə köçür.

***

Sona Mehmandarova daha nəinki Lənkərana, hətta Bakıya və Tiflisə də qayıda bilmir. O, artıq böyük bir imperiyanın fəxriydi, çar ailəsində belə nüfuzu vardı, kifayət qədər sərvət qazanmışdı və imperiya paytaxtında yaşamalıydı.

***

Beləliklə, Sona Sankt-Peterburqun mərkəzində dəbdəbəli mülk alır, şəhərin kübar mühitində özünə və tituluna layiq yer tutur. Amma bütün bunlar qadın üçün zəruri olan ailə rahatlığını əvəz eləmirdi. Onda mövcud olan qaydalara görə, gözəllik müsabiqələrinin qalibləri bir il ərzində ərə gedə bilməzdilər. Sona xanım da bu səbəbdən gənc, yaraşıqlı, varlı, əsil-nəcabətli pərəstişkarlarının təkliflərindən boyun qaçırmalı olur.

***

Nəhayət Sona xanım ailəsinin etirazlarına baxmayaraq, əslən dağıstanlı olan varlı Uruzovla ailə qurur. Uruzovla ailə həyatı onu bir qədər arxayınlaşdırsa da, gözlənilən xoşbəxtliyi gətirmir. Onların övladı olmur. 1917-ci ildə baş verən çevriliş isə ailəni müflisləşdirir.

***

Azərbaycan Demokratik Cümhuriyyəti qurulandan, Səməd bəy Mehmandarov hərbi nazir olandan sonra belə Sona xanım vətəninə qayıtmır. Görünür, doğmalarının etirazına baxmadan ailə qurması arada böyük uçurum yaratmışdı.

***

1930-cu illərdə Mehmandarovlarla yanaşı, Talışinskilər də taleyin amansız acılarını yaşayırdılar. Sürgünlər, həbslər… Deyilənlərə görə, Sona xanım o illərdə izini itirmək üçün bütün sənədlərini və şəkillərini yandırıb, məhv edib.

Sona xanım Mehmandarova Bakıya bir də yarım əsrdən sonra 1966-cı ildə – yaşlı, üzgün və xəstə vəziyyətdə qayıdır. Əlbəttə, illər, xüsusilə də, öz mənşəyinə görə sovet hakimiyyəti illərində çəkdiyi məşəqqətlər onun misilsiz gözəlliyindən əsər-əlamət qoymamışdı. Deyilənə görə, Sona xanımın təkcə səsi öz təravətini saxlayıbmış. Amma o, hələ də kübarlığını unutmamışdı. Hətta günlərin birində halı pisləşib, qohumları “təcili yardım” çağırıblar. O vəziyyətdə belə, Sona xanım güzgü və kosmetika istəyib, həkimlərin qarşısına səliqəli görkəmdə çıxıb.

***

Sona xanım Mehmandarova Bakıya qayıdandan bir neçə il sonra dünyasını dəyişdi, Bakı qəbiristanlıqlarının birində dəfn olundu. Amma indi qohumları belə onun məzarının yerini xatırlamırlar.

Mənbə

Share: