Düyməyə basıldı: Paşinyan devrilir? – GƏLİŞMƏ

Erməni kilsəsi Paşinyan hakimiyyətinə qarşı silahlı dəstə yaratmaq istəyir.

 

Məlumata görə, Erməni Apostol Kilsəsinin Çirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapanyan təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi çevrilişə çağırıb. O, ölkənin fəlakətə doğru getdiyini və buna qarşı mübarizə aparılmasının vacib olduğunu bildirib. “Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, təhlükəsizlik qüvvələri müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən ölkəni xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram”, – deyə M. Acapanyan bəyan edib.

 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, erməni kilsəsi hər zaman radikal erməni millətçiliyinin və erməni faşizmin əsas mərkəzlərdən biri olub:

 

“Erməni kilsəsi əsası qoyulduğundan bəri erməni cəmiyyətinin faşizmə və terrorizmə yiyələnməsi istiqamətində çox işlər görüb. Qonşu ölkələrə qarşı ərazi iddiaları və işğalçılıq siyasəti məhz erməni kilsəsinin fitvası ilə həyata keçirilib. Heç təsadüfi deyil ki, Qarabağ münaqişəsi başlayan zaman Ermənistan Apastopol Kilsəsinin baş keşişi Vazgen, ondan sonra Qaragen öz bəyanatları ilə erməniləri işğala və təcavüzə çağırırdı. İşğal dövründə xeyli sayda erməni keşişlərinin əlində silah tutduğuna şahidi olmuşuq. Onlar erməni silahlı dəstələrini qırğınlara və terror aktlarına təşviq edib. Erməni kilsəsi Paşinyan hakimiyyətini də hədəf seçib. Bir müddət öncə Ermənistanın Tavuş bölgəsinin keşişi yığıncaq keçirib revanşist bəyanatlar səsləndirib. Bununla yanaşı, yayılan məlumatlara görə, bu yaxınlarda Ermənistan Apastopol Kilsəsinin Eçməizdin ofisində ifrat erməni millətçiliyi təbliğatı ilə məşğul olan keşişlər bir araya gələrək Qarabağ məsələsini müzakirə ediblər. Erməni kilsəsi, həqiqətən regionda sülh və sabitliyin bərqərar olunmasına əngəl yaradan əsas amillərdən biridir. Xüsusilə vurğulayım ki, Ermənistanda siyasi vəziyyətin, eləcə də Rusiya-Ermənistan münasibətlərinin gərginləşdiyi bir zamanda Paşinyan hakimiyyətinə qarşı çevriliş ehtimalları artmaqdadır. Sözsüz ki, çevrilişlə bağlı çağırışlarda erməni keşişləri xüsusi yer tutur. Əgər belə bir cəhd baş verəcəksə, bu, ölkədə çox ciddi qarşıdurma yaradacaq”.

 

Paşinyan hakimiyyətinə qarşı çevrilişin baş tutub-tutmayacağı ilə bağlı suala gəlincə, politoloq cavab verib ki, Nikol Paşinyan ona qarşı olan təhlükəni dəf etmək imkanlarına malikdir: “Erməni keşişlərinin çağırışı ilə Ermənistan təhlükəsizlik qüvvələri və ya erməni ordusu içərisində hansısa qrup çevrilişə cəhd göstərərsə, təbii ki, Paşinyan adekvat tədbirlər görəcək. Qeyd etmək lazımdır ki, ölkənin polis qüvvələri Paşinyana sadiqdirlər. Son üç il ərzində Paşinyan hakimiyyətinə qarşı keçirilən etiraz aksiyalarına polis qüvvələrinin çox sərt şəkildə müdaxilə etdiyini gördük. Həmin aksiyalarda polis tərəfindən yüzlərlə müxalifətçi həbs olundu və onların bəziləri barəsində cinayət işi qaldırıldı. Onu da əlavə edim ki, Ermənistan təhlükəsizlik qüvvələri və ordusu içərisində də Paşinyana sadiq olanlar var. Onlar hansısa qrupların çevriliş cəhdlərinə imkan verməzlər. Digər tərəfdən, nəzərə alaq ki, ABŞ və Fransa Paşinyan hakimiyyətinin arxasında dayanır. ABŞ və Fransa az olsa da, Ermənistana xüsusi qüvvələr göndərməkdə məqsədi Paşinyan hakimiyyətinin təhlükəsizliyini təmin etməkdir. Paşinyan öz hakimiyyətini qorumaq üçün bütün mexanizmlərdən istifadə edəcək”.

Mənbə

Share: