DYP avtobus sürücülərinə xəbərdarlıq etdi

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb.

 

Baku.ws-in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm özlərinin, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar.

 

Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevriliblər. Hər iki halla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, BDYPİ tərəfindən bu istiqamətdə nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

 

“Lakin təəssüflə bildirirəm ki, yol-nəqliyyat hadisələrinin başvermə səbəblərindən biri də sürücülərin diqqəti yayındıran hərəkətlərdən istifadə etmələridir. Bunlardan biri də mobil telefondur. Bəzi sürücülər nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edirlər. Bu da sonda arzuolunmaz və xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır.

 

Qeyd edilən videoda avtobus sürücüsü tərəfimizdən aşkarlanıb, barəsində qanunamüvafiq tədbir görülüb. İnzibati Xətalar Məcəlləsinin 342.6 maddəsinə əsasən, sürücüyə 50 manat dəyərində protokol tərtib edilib. Sürücülər nəzərə almalıdırlar ki, özləri ilə yanaşı, sərnişinlərin də həyat və sağlamlığını təhlükə altına atır. Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər isə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər.

 

Digər yayılan videoda isə sərnişindaşıma qaydaları pozulub. Avtobus sürücüsü də buna ciddi şəkildə nəzarət etməyib. Hazırda həmin videodakı avtobus araşdırılır”.

Mənbə

Share: