“Efirlərimiz arvad bazarı, qeybət yeri olub, gəlin qaynananın, ər xanımının ayıbını açır”-Müğənnidən ETİRAZ-ÖZƏL

“Efirlərimizdə bu gün elə aparıcılar var ki, aparıcılıq etməsələr daha yaxşı olardı. Əlbəttə ki, bu sözlərim hər aparıcıya aid deyil. İnsanlar şəxsi həyatlarını, öz ayıblarını verilişlərdə açıb-ağardırlar, aparıcılar da onlara şərait yaradır. Allah ayıbları örtəndir. Deyirlər ki, sən başqasının ayıbını ört, Allah da sənin ayıbını örtər. Bu gün efirlər ayıb açır. Və yaxud da insanlar öz xanımlarının, qaynanalar öz gəlinlərinin, xanımlar öz ərlərinin, gəlinlər qaynanalarının ayıblarını açır. Çox abartılıdır”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Xuraman Şuşalı deyib. O daha sonra əlavə edib.

 

“Düşünürəm ki, buna ciddi nəzarət olmalıdır. Efirlərimiz qeybət yeri, arvad bazarı olub. Çox istərdim ki, efirlərimizdə bunlar olmasın. Mədəniyyətimizin, musiqimizin gözəl tərəfləri göstərilsin. Oxuya bilməyənlər bu gün ekrandadır, efirlərə bəh-bəhlə dəvət alırlar. Onlar sosial şəbəkədə pul verib müəyyən səhifə və saytlara özlərini təriflədirlər. Gərək efirə gəlib çıxmayaydılar. Reytinq xatirinə bunları etməməlidirlər” deyə müğənni bildirib.

 

Müğənni bildirib ki, insan həyatını elə yaşamalıdır ki, öləndən sonra onu yaxşı yad etsinlər.

 

“İnsanın həyatında elə hadisələr baş verir ki, onun üstündən ötüb keçmək olar. Elə hadisələr də olur ki, həmin şəxs dünyasını dəyişəndən sonra da arxasınca danışılır. Sağlığında həmin insan o şəxsin həyatında elə kədərli izlər buraxıb ki.. Bəlkə də o şəxsin ölən şəxsin arxasınca danışmağı normaldır. Nəticədə insan o şəxsin onun həyatında olub, həyatını məhv etdiyinə görə danışır. İnsan gərək həyatını elə yaşasın ki, öləndən sonra ona rəhmət deyilsin, rəhmətlə anılsın. Onlar gözləməsin ki, insanlar o öləndən sonra sağ ikən danışa bilmədiklərini danışsın. Çox təkəbbürlülük də bir şey deyil. Allah təala bir daha göstərir ki, təkəbbürlü olmayın. Təkəbbürlü olanların, sağlığında fironluq etmək istəyənlərin öləndən sonra da arxasınca danışanlar olur. Vaxtında gərək insanı əzməyəsən. Əzirsənsə yoxluğunda da o şəxslər danışacaq. Deməsələr əlbəttə ki, daha yaxşı olar. Allah bizə elə ömür nəsib etsin ki, ölüb gedəndən də sonra gözəl yad edilək” deyə müğənni bildirib.

 

Xuraman Şuşalı ona atılan daşlara bir çox hallarda cavab vermədiyini bildirib.

 

“Kim nə istəyir desin, kim nə istəyir danışsın. İnsan ağzını açanda söylədiyi fikirlərlə özünü təqdim edir. Bu gün ağıllı insanlar insanların danışdıqlarına deyil, əməllərinə, addımlarına, yaşantılarına baxıb qiymət verirlər. Ona görə də danışanlar, müzakirə edənlər əslində özlərini görsələr dəyişərlər. İnşallah onlar da düzəlib yararlı işlərlə məşğul olarlar” deyə müğənni bildirib.

 

Mənbə

Share: