“Erməni cinayətkarlarını qanun qarşısında cavab verməyə məcbur edəcəyik”

İbad Hüseynov: “Xalqımızın və Prezidentimizin qətiyyəti bu məsələdə də öz sözünü deyəcək”

 

Prezident İlham Əliyev Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Müraciətində Birinci Qarabağ müharibəsi zamanı 3890 vətəndaşımız itkin düşdüyünü bildirən dövlət başçısı qeyd edib ki, etibarlı məlumatlara əsasən həmin şəxslər işgəncələrlə qətlə yetirilib, vaxtiylə işğal olunan ərazilərdə kütləvi mzəarlıqlarda basdırılıb.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbad Hüseynov xalqımıza qarşı ağır cinayətlər törədən erməni cəlladlarının tapılaraq qanun qarşısında məsuliyyətə cəlb olunacağına əminliyini ifadə edib:

 

“Hər kəs əmin ola bilər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı və onun Müzəffər Ali Baş Komandanı əli xalqımızın qanına batan hər bir erməni cinayətkarının tapılaraq qanun qarşısında cavab verməsini təmin edəcək. Xalqımızın və Prezidentimizin qətiyyəti bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də öz sözünü deyəcək.

 

Məlum olduğu kimi, Baş Prokurorluq 400-ə qədər erməniəsilli şəxsin xalqımıza qarşı törətdiyi cinayətlər səbəbi ilə axtarışa verildiyini bildirib. Hərbi Prokurorluq işğaldan azad edilən ərazilərdə mütəmadi araşdırmalar aparmaqda və bu ərazilərdəki kütləvi məzarlıqlarda soydaşlarımızın amansız işgəncələrlə qətlə yetirilməsini sübut edən yeni faktlar ortaya çıxarmaqdadır. Məhz Hərbi Prokurorluğun apardığı bu araşdırmalar erməni cinayətləri ilə bağlı yeni faktların üzə çıxarılmasına şərait yaradır, erməni vəhşiliyinin miqyası ilə bağlı daha aydın təsəvvürlərin formalaşmasına kömək edir.

 

İnanıram ki, yaxın gələcəkdə xalqımıza qarşı soyqırımında iştirak edən hər bir erməninin qanun qarşısında cavab verəcəyinə şahid olacağıq. Azərbaycan dövləti onların öz layiqli cəzasını çəkməsini təmin edəcək, bununla da ədalət tam şəkildə bərqərar olunacaq”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: