Ermənilərə verilən ilk “dərs: ”Tovuz döyüşləri – 2 il

Ermənistan Silahlı Qüvvələri işğalçılıq aktını davam etdirmək məqsədilə 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozdu.Gərginliyi artırmaq məqsədilə növbəti hərbi təxribat törətməklə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaqla hücuma keçmək cəhdi etdi.

Adalet.az xəbər verir ki, bu gün həmin hadisələrdən iki il ötür. İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olundu. Həmin günü düşmən dövlət sərhədində irimiqyaslı təxribata əl atdı. Amma düşmənin bu təxribatının qarşısı alındı və dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edildi.

Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu – çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib, daha 5 nəfər yaralanıb. Yaralı əsgərlərdən biri daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib.

Həmin günü Tovuz istiqamətində ağır artilleriya qurğuları yenidən işə düşüb. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutub.

Tovuz döyüşləri iyulun 14-də Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən daha 5 hərbi qulluqçu şəhid oldu. Rayonun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetiridi.

İyulun 15-də toqquşmalar səngisə də, iyulun 16-sı səhər saatlarında döyüşlər yenidən başlayıb. Həmin günü Azərbaycan Ordusunun bir hərbi qulluqçusu şəhid oldu.

Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşdı və heç bir ərazi itkisi olmadı. Beləliklə, döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid oldu.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamlarla Polad Həşimov və İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəman adı verilib.

Qeyd edək ki, müsahibimiz I Qarabağ müharibəsinin qazisi Rey Kərimoğlu  Tovuz döyüşlərinin Azərbaycan hərb tarixində önəmini yüksək qiymətləndirdi:” Düşünürəm ki, Tovuz hadisələri  Ermənistanın və onun havadarlarının Azərbaycana  Qarabağ məsələsilə bağlı  bir  təzyiqi idi. Atəşkəs rejimini kobud şəkildə pozulmasında məqsəd o idi ki, əgər Qarabağa status verilməsə, işğalla razılaşmasanız  daha strateji ərazilərinizi  işğal edə bilərik.Təəssüflər olsun ki, Ermənistanın havadarları düz 25 ildən çox Azərbaycanın işğal olunmuş torpaqlarını  ikili standartlardan görən və qiymətləndirən ATƏT-in Minsk qrupuna üzv olan dövlətlər – Fransa , ABŞ və Rusiya idi. Tovuz döyüşləri həm Ermənistan hökümətində , həm havadarlarında soyuq duş effekti yaratdı. Azərbaycan Ordusu, elə ilk həmlədən  öz sözünü dedi. Ermənistan ilk böyük və sarsıdıcı zərbəni məhz Tovuz döyüşləri zamanı aldı. Azərbaycan ordusu düşmənin hücumunu dəf etdi, bir qarış torpağımızı belə işğal edə bilmədilər.

Üstəgəl Ermənistanın bu işğalçı hərəkəti müharibənin alovlanmasına  və Qarabağ bölgəsinə keçməsinə böyük “köməyi” dəydi. Qarabağda Azərbaycan Ordusunun ermənilərə layiqli “Dəmir Yumruq ” cavabı verildi.

Tovuz döyüşləri  Azərbaycan hərb tarixində əbədi qalacaq bir hadisədir və o döyüşdə igidlik göstərərək həlak general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları – əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov  xalqın yaddaşında əbədi yaşayacaq”.

P.S. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Əntiqə Rəşid

Ədalət.az

Share: