“Ermənistan hakimiyyəti, üstəgəl Qarabağ separatçıları, plus erməni lobbisi Ermənistanla Qarabağı birləşdirən yolda azərbaycanlıların etirazını dayandırmaq üçün bütün alətlərdən – Fransa, BMT Təhlükəsizlik Şurası, telefon zəngləri və sonda Xankəndində mitinqdən istifadə ediblər. Nəticə yoxdur, etiraz davam edir. Rusiya hərbi kontingentindən kimsə Qarabağ ermənilərinə deyib ki, bəs 26 dekabrda guya yol açılacaq. Niyə məhz 26 dekabrda? Görünür, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrinin liderlərinin 26 dekabrda Sankt-Peterburqda qeyri-rəsmi toplantısında hansısa “razılaşmaya” ümid edirlər”.
Milletinsesi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, ancaq həmin toplantıda Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü nəzərdə tutulmayıb:
“Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüş baş tutsa belə bunun yoldakı etiraza təsir edəcəyini söyləmək mümkün deyil. Çünki ermənilər etirazı dayandıracaq şərti – yataqlarda monitorinqə icazə vermək fikrində deyillər.
Beynəlxalq aləmə yolun bağlanmadığını, nəzarət altına alındığını təlqin etmək lazımdır. Ermənilər xəstələrini keçirirlər, humanitar yüklərə maneə yoxdur, üstəgəl erməni mənbələrinin məlumatına görə, Qırmız Xaç Komitəsi 4 xarici ölkə vətəndaşının Ermənistana keçidini də təmin edib. Aydındır ki, həmin xarici vətəndaşlar Azərbaycan qanunlarını pozaraq ərazimizə keçiblər, kimlikləri və hansı ölkəyə məxsus olduqları barədə məlumat yoxdur. Belə halların qarşısını almaq üçün yol daima nəzarət altında olmalıdır”.