FHN: Vətən müharibəsi ilə əlaqədar vətəndaşlar üçün psixoloji yardım həyata keçirilir

FHN tərəfindən Vətən müharibəsi ilə əlaqədar psixoloji sarsıntı yaşayan vətəndaşlar üçün psixoloji yardım həyata keçirilir.
Milletinsesi.az FHN-ə istinadən xəbər verir ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyə Respublikasından gələn peşəkar psixoterapevtlər və FHN-in psixoloqlarının birgə iştirakı ilə ödənişsiz olaraq psixoloji yardım işi davam etdiriləcək.

Belə ki, 5 sentyabr 2022-ci il tarixindən etibarən FHN-in dəvəti ilə qardaş Türkiyə Respublikasından gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq Vətən müharibəsi ilə əlaqədar psixoloji sarsıntı yaşayan vətəndaşlarımızın reabilitasiyasını həyata keçirəcəklər.

Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə aşağıdakı ünvanlarda psixoloji yardım göstərəcəklər:

– Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi, 108 (FHN-in Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu);

– Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 3A (Ticarət və xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi);

– Sumqayıt şəhəri, Sülh küçəsi, 9 (FHN-in Sumqayıt Regional Mərkəzi);

– Qəbələ şəhəri, Abbas Səhhət küçəsi, 12 (keçmiş modul tipli xəstəxana);

– Bərdə şəhəri, H.Əliyev prospekti, 93 (Bərdə şəhər 4 saylı Uşaq İncəsənət Məktəbi);

– Lənkəran rayonu, Digah kəndi (FHN-in Cənub Regional Mərkəzi).

Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

 

Share: