Azərbaycan Cüdo Federasiyası Bakıda uşaqlar və gənclər üçün cüdo üzrə ustad dərsi keçirib

 

Milletinsesi.az xəbər verir ki, 3 sentyabrda Azərbaycanda cüdonun 50 illiyi münasibəti ilə paytaxt Bakıda Heydər Əliyev Mərkəzinin parkında cüdo üzrə ustad dərsi təşkil olunub.

Tədbirin açılışında ACF-in vitse-prezidenti Elnur Məmmədli çıxış edərək bildirib ki, Azərbaycanda cüdonun kütləvləşdirilməsi ilə gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək ACF-in əsas məqsədlərindən biridir. Bakı sakinlərini cüdo ilə məşğul olmağa səsləyən vitse-prezident qeyd edib ki, cüdo dərin dəyərlərə malik idman növüdür və bu idman növündə uşaqların qüsursuz nizam-intizama sahib olması ən vacib amillərdən biridir.

Daha sonra ustad dərsi çərçivəsində ACF Prezidentinin müşaviri Natiq Bağırov, tanınmış cüdoçularımız Rüstəm Orucov, Orxan Səfərov və Səid Mollayi müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini uşaqlara və gənclərə nümayiş etdiriblər, sakinlərlə səmimi söhbət ediblər və cüdo ilə məşğul olmağa dəvət ediblər. Onlar iştirakçılara cüdonun fəlsəfəsi, mahiyyəti və kəmər bağlamaq qaydaları haqqında geniş məlumat veriblər. Praktik cüdo fəndlərinə maraq göstərən Bakı sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunub.

Bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.

ACF tədbirin təşkilində göstərilən dəstəyə görə Heydər Əliyev Mərkəzinə öz təşəkkürünü bildirir.

Mənbə

Share: