“Futbolumuz çökür deyə Azərbaycana qayıtmaq fikrim yoxdur”

“Mənim Azərbaycana qayıdıb-qayıtmamağım önəmli deyil. Məsələ odur ki, Azərbaycan futbolu çox bərbad durumdadır”. 

Bu sözləri Qol.az-a açıqlamasında Nepalın “Maçhindra” klubunda çıxış edən azərbaycanlı futbolçu Nurlan Novruzov deyib.

 

 

2014/15 mövsümündə 15 qolla “Bakı”nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olan N.Novruzov xeyli müddətdir ölkə xaricində çıxış edir. 29 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatının və ümumiyyətlə futbolumuzun çökməkdə olduğunu və buna görə də bacardığı qədər ölkəyə qayıtmayacağını bildirib:

“Heç Azərbaycan futbolunun sabahı bəlli deyil. Necə olacaq bilinmir. İnanmıram ki, belə davam etsin. Yəni bu gedişlə futbolumuz tamam çökəcək. Bundan sonra futbol olmasa, daha yaxşı olar. Azərbaycan futbolunun adını saxlayan təkcə “Qarabağ”dır. Bu klub olmasa, heç Azərbaycan çempionatına da baxan olmaz.

Milli komandamız göz qabağındadır. Latviyaya uduzuruq. Sabah hansısa futbolçumuz gedib Latviyada oynasa, deyəcəklər ki, Latviya çempionatı nədir ki? Qəribə millətik. Guya İtaliya kimi futbol ölkəsiyik. Gedib TOP-5 çempionatlarında oynamalıyıq ki, qıraqdan danışanlar bəyənsinlər. Biz o səviyyədə deyilik axı. Kimdir bizim çempionatın oyunçusuna yaxın duran. Bu gün Maltaya, Latviyaya uduzuruq. Hansı ki, bizim millimiz Belçikaya, İsrailə qarşı necə futbol göstərirdi. Əvvəlki futbolumuz bundan qat-qat yaxşı idi. Futbolumuz nə gündədir. Bunu görmürlər, yoxsa görməzlikdən gəlirlər? Həqiqətən ayıbdır. Bu büdcə ilə Azərbaycan millisinin belə komandalara uduzması biabırçılıqdır. Bu, bizim üçün bir ləkədir. Azərbaycan futboluna vicdanlı insanlar lazımdır. Mən ölkə xaricindəyəm. Bizim milli komanda haqda danışanda yavaş-yavaş aradan çıxıram. Üzüm gəlmir, nə deyim? Adam qıp-qırmızı olur. Çünki hamı soruşur ki, milliniz reytinqdə neçəncidir? Nə qədər davam edəcək, həmişə belə olacaq? Azərbaycan futboluna kimlər baxırsa, hamısı dəyişdirilməlidir. Bütün rəhbərlik dəyişilməlidir. Futbol verilməlidir vicdanlı insanların idarəçiliyinə”.

Nurlan Novruzovun müsahibəsi saytımızda yayımlanacaq.

Share: