Generalın xanımı ərindən Makeyevkaya zərbəyə görə Ukraynadan qisas almağı xahiş etdi…

“Bütün Qərb bizə qarşı sıx birləşib…”

 

“Nə biz, nə ərlərimiz müharibə istəməmişik, lakin bütün Qərb bizi və övladlarımızı məhv etmək üçün bizə qarşı sıx birləşib…”

 

“Biz bunu bağışlamayacağıq, düşməndən qisas alınacaq və qələbə bizimlə olacaq…”

 

 

Rusiyada Putinin qatı təbliğatı öz bəhrəsini verməkdədir.

 

Getdikcə daha çox rusiyalı, o cümlədən əslində Rusiya qoşunlarının Ukraynaya hərbi müdaxiləsinin səbəbləri və məqsədlərini dəqiq anlamalı olan hərbçilər və onların ailələri Kremlin “müqəddəs”, “azadlıq”, ən başlıcası, “məcburi” müharibə apardığına inanır.

 

Moderator.az xəbər verir ki, bu barədə “Moskovski komsomolets” nəşri yazıb.

 

Rusiya Federasiyası 2-ci qvardiya Qırmızı Bayraqlı ümumqoşun ordusunun komandanı Andrey Kolotovkinin həyat yoldaşı və bu hərbi birliyin qadın şurasının sədri Yekaterina Kolotovkina Donetsk vilayətində rusiyalı hərbi qulluqçularının həlak olması ilə bağlı matəm mitinqində çıxış edib.

 

O, açıq şəkildə rusiyalı “dul qadınlar və analar” adından həyat yoldaşından Makeyevkada kazarmaya zərbəyə görə Ukraynadan qisas almağı xahiş edib.

 

“Dostlar, mənə danışmaq çox çətindir. Lakin kədər bizi birləşdirir və biz birlikdə düşməni məhv edəcəyik”, – Yekaterina Kolotovkina Saratovda Şərəf meydanında toplananlar qarşısında matəm nitqində söyləyib.

 

“Nə biz, nə ərlərimiz müharibə istəməmişik, lakin bütün Qərb bizi və övladlarımızı məhv etmək üçün bizə qarşı sıx birləşib.

 

Lakin bizim ərlərimiz və övladlarımız buna imkan verməyəcək. Mən bu gün ərimlə danışmışam, o da hüzn içindədir.

 

Bilirsiniz, xüsusi hərbi əməliyyat başlanandan mən ilk dəfə olaraq ondan analarımızım göz yaşlarına, talesiz dul qadınlara, yetimlərə görə qisası almağı xahiş etmişəm. Biz bunu bağışlamayacağıq. Birmənalı olaraq qələbə bizimlə olacaq”.

 

Xəbər verildiyi kimi, Yeni il gecəsində Ukrayna hərbçiləri HIMARS yaylım atəşli reaktiv sistemlərindən Makeyevkada kazarmaya çevrilmiş peşə-texniki məktəbə zərbələr endirib. 

 

Şahidlərin sözlərinə görə, bina tamamilə dağıdılıb. Zərbə nəticəsində Rusiya Silahlı Qüvvələrinin Saratov vilayətindən səfərbər edilən bir neçə yüz hərbi qulluqçusu həlak olub və yaralanıb. 

 

Ukrayna tərəfi 400 nəfər hərbçinin həlak olduğunu, daha 300 nəfərin yaralandığını bəyan edib. Rusiya müdafiə nazirliyi 63 nəfərin həlak olduğu barədə məlumat verib.

Mənbə

Share: