Gürcüstanda Əliyev-Paşinyan görüşü gözlənilir – Müqavilə imzalana bilər

Nə qədər təəccüblü də olsa, bəzi erməni KİV-ləri Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla tez bir zamanda sülh dövrünün başlanğıcından xəbər verən bir sənəd imzalamaq istəyində olduğunu yazıb.

Modern.az xəbər verir ki, bu iddia ilə çıxış edən “Hraparak” nəşri bildirib ki, belə bir sənəd noyabrın sonuna qədər və ya heç olmasa dekabrın əvvəlində imzalana bilər.

“Nə qədər təəccüblü olsa da, müqavilənin Tbilisidə imzalanması planlaşdırılır. Bununla da Gürcüstan ümumqafqaz sülhünün vasitəçisinə və simvoluna çevrilə bilər”.

İddiada qeyd olunur ki, həmin sənədlə bütün Cənubi Qafqaz Qərbin bu regionda maraqlarının operatoru kimi Türkiyəyə verilə bilər.

“Əldə etdiyimiz məlumata görə, Gürcüstanda Əliyev-Paşinyan görüşünə və sülh erasından xəbər verən sənədin imzalanmasına fəal hazırlıq gedir”, – deyə “Hraparak” vurğulayıb.

Qəzet bildirib ki, sözügedən sənədin imzalanması Ermənistanın Qarabağdan imtinasını rəsmiləşdirəcək:

“Ermənistan heç bir şəkildə “Artsax”ın işlərinə qarışmayacağını öhdəsinə götürəcək. “Artsax erməniləri”nin Ermənistan vətəndaşlığından məhrum edilməsi və maliyyələşdirilməsi məsələsi də sənəddə yer alacaq”.

İddiaya görə, imzalanacaq sənədlə Ermənistan Qarabağda yalnız xeyriyyə və sosial xarakterli layihələr, məsələn, uşaq bağçasının sökülən divarının suvaq və rənglənməsi kimi layihələr həyata keçirmək hüququna malik olacaq.

“Qalan hər şey separatizm və terrorizmi himayə etmək və maliyyələşdirmək kimi qiymətləndiriləcək”.


“Hraparak” öz iddialarını davam etdirərək bildirib ki, Tbilisidə imzalanması nəzərdə tutulan sənədə görə, Qarabağın erməni əhalisinin seçimi olacaq: ya Azərbaycan vətəndaşlığını qəbul edir və Azərbaycan vətəndaşı kimi öz yaşayış yerində yaşamağa davam edir, ya da Qarabağı tərk edir.

“Əldə etdiyimiz məlumata görə, ermənilərin məskunlaşdığı əraziyə müəyyən mədəni muxtariyyət verilməsi məsələsi də müzakirə olunur. Azərbaycan muxtariyyətin istənilən növünə qarşıdır, lakin Qərb dövlətlərinin təzyiqi altında rəsmi Bakı bu muxtariyyətin kağız üzərində qalacağını, çox qısa müddətdən sonra ermənilərin Qarabağdan tamamilə gedəcəyini, bölgə sakinlərinin azərbaycanlılaşacağını başa düşərək razılaşa bilər. Üstəlik, bəzi yaşayış məntəqələri müqavilə imzalandıqdan bir neçə saat sonra boşaldılacaq. Məsələn, Bakı 1991-92-ci ilə qədər azərbaycanlıların yaşadığı, lakin hazırda ermənilərin nəzarətində olan ərazilərin dərhal boşaldılmasını tələb edir. Bu, ilk növbədə Xocalıya aiddir. Əliyev üçün Xocalıya girmək Şuşa və ya Laçına daxil olmaq qədər simvolik olacaq”.


“Hraparak” yazır ki, bu müqavilənin imzalanmasını nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev 31 oktyabr tarixli Soçi görüşündə elan etdi ki, “Qarabağ məsələsi yoxdur, həll olunub, o mövzuda müzakirə ola bilməz”.

“Rusiya sülhməramlı qoşunlarına gəlincə, Qarabağ ermənilərinin bir hissəsi oranı  tərk etdikdən və qalanlar da Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra rusların həmin ərazidə qalmaları tamamilə mənasız olacaq. Azərbaycan bəyan edəcək ki, bu insanlar öz ölkəsinin vətəndaşlarıdır və rəsmi Bakı onların hüquqlarını, təhlükəsizliyini təkbaşına təmin etməyə qadirdir. Qarabağın təhvil verilməsindən sonra artıq onu Ermənistanla birləşdirən “dəhliz”dən də söhbət gedə bilməz. “Dəhliz” olmayacaq, Türkiyə və Azərbaycan bəyan edə bilməyəcək ki, Azərbaycanı Naxçıvana birləşdirən “dəhliz” Ermənistanı Qarabağla birləşdirən “dəhliz”lə eyni statusa malik olmalıdır”.


“Hraparak” bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin həllinin “Rusiya  variant”nı seçdiyini deyəndə, əslində yalan danışıb, çünki məsələnin həllinin “Qərb variantı”nı çoxdan seçib.

“Və o, Soçiyə gedib üçtərəfli bəyanatın altına imza atıb ki, özünə haqq qazandırsın, yəni, “siz Rusiya və onun prezidenti Putinin Qarabağı qorumaq iqtidarında olmadığını gördünüz, mən tək nə edə bilərəm?”.

A.Qorxmaz

 

Mənbə

Share: