Gürcüstanda sərnişin qatarlarının hərəkəti iyunun 15-dən bərpa olunub.
“Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti iyunun 10-dan bilet satışına başlayıb.
Sərnişin qatarları Tbilisi-Batumi, Tbilisi-Ozurqeti, Tbilisi-Poti, Tbilisi-Zuqdidi və Tbilisi-Kutaisi marşrutlarında günorta saatlarında hərəkət edəcək. Biletlərin qiyməti dəyişməyib.
Sərnişinlər qatara daxil olmazdan əvvəl termovizordan keçəcək və əllərini dezinfeksiya edəcəklər. Bütün vaqonlarda dezinfeksiya maddələri olacaq. Sərnişinlər vaqonlarda yenə yanaşı oturacaq. Ancaq artıq sərnişinlərin vaqonlarda maskasız olmasına icazə verilməyəcək. Səfər ərzində maska çıxarılmamalıdır. Sərnişinlərə qatarda qəzet, kitab və jurnal paylanması, qulaqcıq verilməsi qadağan edilib.
Biletləri ancaq mobil tətbiqlər vasitəsi ilə əldə etmək mümkündür.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda qatarla sərnişin daşınması martın 31-dən qadağan edilib.
Gürcüstanda şəhərlərarası avtobus səfərlərinə iyunun 8-dən icazə verilib.