Həbsdə olan ərinə heroin gətirən qadın saxlanıldı

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə və 3 saylı İstintaq təcridxanasına narkotik madə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Milletinsesi.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 və 66.5-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Müalicə müəssisəsində cəza çəkən məhkum İlyasov Kənan Həsən oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı, Sumqayıt şəhər sakini İlyasova Aygün Asif qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman alt paltarında gizlədilmiş 2 ədəd bükülüdə 1,237 qram narkotik maddə – heroin və 0,038 qram psixotrop maddə – metamfetamin aşkar edilib.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Rüstəmov Xəyyam Həsənqulu oğluna qohumu Bakı şəhər sakini Rüstəmov Tural Yaqub oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın bel nahiyyəsində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,056 qram narkotik maddə – tiryək aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

 

Share: