Hər ağrının bir məlhəmi var, sənsizlik ağrısının isə heç bir dərmanı, dəvası olmayacaq…

Hər ağrının bir məlhəmi var, sənsizlik ağrısının isə heç bir dərmanı, dəvası olmayacaq…

Deyir ki, insanların ölümü onların xarakterinə bənzəyir. Haylı-küylü insanların ölümü də özləri kimi olur. Haylı-küylü insanlar həm də gedişi ilə hər kəsi, sanki lal edir, nə qədər ağı deməyə çalışsan da, dilin söz tutmur, niqtin quruyur, nə baş verdiyini dərk edə bilmirsən, cızdağını çıxır, yanıb tökülürsen.

 

Əziz, dəyərli dostumuz, Həzrət Əlinin Zülfüqarı, bir həftədir sən də cismən bizdən ayrılmısan, bu nahaq dünyada bizi tək, boynubükük qoyub haqq dünyasına qovuşmusan…

 

Gedişin də eynən özünə bənzədi, haylı-küylü oldu, səs saldın bütün ölkəyə, ölkə hüdudlarından kənara…

 

Necə ki hər zaman özün danışırdın, bizə imkan vermirdin, gedişinlə də lal etmisən dostlarını, əzizlərini…

 

Necə ki, ən yaxşı öz yazını hesab edirdin, eləcə də heç kim səndən sənin kimi yaza bilmir…

 

Əslində deməyə, danışmağa, yazmağa o qədər gözəl sözlər, xatirələr var ki sənin haqqında, amma “imkan vermirsən” yazaq… 

 

Səni sənə layiq ağlaya bilmirik, dilimiz lal olub, əlimiz topal. Gücümüz bircə ağlamağa çatır, yana-yana, hayqıra-hayqıra ağlamağa. Allahın işinə qarşı çıxmaqdan özümüzü zorla saxlayırıq…

 

İnana bilməzdim ki, canı canından, qanı qanından olmayan insanın gedişi bu qədər yandırarmış adamı. Necə ki cana yanan idin, eləcə yandırdın canımızı. O gün kimsə sənin haqqında yazmışdı, adı özünü kəsən adam… Sənin zülfüqarın təkcə özünü kəsmədi, həm də dilimizi, əlimizi, sabaha inamımızı, bərabər arzularımızı, planlarımızı kəsdi. 30 il idi Kəlbəcər sarı yetim qalmışdın, Kəlbəcər yetimçiliyin bitən kimi bütün dostlarını, əzizlərini, doğmalarıni yetim qoydun. İndi ruhun o müqəddəs torpaqlarda pərvaz edir, biz isə ” kaş ki, o dağların buzu heç əriməyəydi, yollar hələ açılmayaydı və sən də getməyəydin…” – deyə keşkələrlə yaşayırıq…

 

Həmişə deyirdin ki, “heç kimin ölümünə çox yanma, Allah ondan da betər dərd verər”… Sənin hüzür mərasimindən çıxıb xəstəxanaya, ağır vəziyyətdə yatan atamın yanına qaçdım, yəni dediyin kimi də oldu… amma ruhuna da əyandı ki, sənin yoxluğundan ağır olmadı. keşkə sən də bircə gün olsa belə, xəstə yataydın, heç olmazsa biz də, bircə gün olsa belə, səninçün nəsə edə biləydik… bəlkə onda bu qədər cızdağımız çıxmaždı…

 

Hər ağrının bir məlhəmi var, sənsizlik ağrısının isə heç bir dərmanı, dəvası olmayacaq. Sənin ürəyində dayanan stend indi saatlı mina kimi bizim ürəyimizdə döyünür…

 

Allah yanına üzüağ gəlməyi nəsib eləsin. O dünyanın varlığına inandığım kimi, sənin də məkanının behişt olduğuna əminəm. Qismət olsa, cənnətdə görüşənədək…

 

Rumiyyə Miraslan

Mənbə

Share: