Həyətində qiymətli sərvəti olan xalq artistimiz: “Nə qədər dedilər satmadım”-MARAQLI+FOTOLAR+ÖZƏL

Xalq artisti, tarzən Vamiq Məmmədəliyev! Bu dəfə onun sənətindən deyil, həyətində, yaşadığı Kürdəxanı kəndində yaratdığı muzeydən söz açacağıq. Vamiq Məmmədəliyev antik əşyalar kolleksiyası toplayıb.

 

Moderator.az-a açıqlama verən sənətkar bildirib ki, muzeyindəki əşyaların bəzilərinin yaşı 200-dən çoxdur:

“Göz açandan evdə nənəmdən, babamdan qalan antik əşyaları görmüşəm. Qədimiliyi, köhnəliyi sevən insanam. Musiqini sevdiyim qədər də o qabları sevmişəm. Ulu babalarımız o mis qablardan, əşyalardan istifadə edib, onların barmaqları, əlləri həmin qablara dəyib. Bu qablara baxanda o əl cizgilərini yad edirəm. Muzeydə mis qablarım var, o qədər onlarda yemək yemişik ki. Uşaq idim, yadıma gəlir ki, Maxaçqaladan qalayçı gəlirdi, qışqırırdı ki, “ay qab qalaylatdıran”. Bütün həyət-baca, qohum-qonşu mis qablarını gətirirdi. 3 günlərlə bizdə qab qalaylayırdılar. Sonradan qərara gəldim ki, həyətdə bir guşə düzəldim. Bu özümə ləzzət edir. Mən bu qabları rayonlardan toplamışam, bəzilərini bağışlayıblar, ordan-burdan gətirmişəm, həyətlərdə görmüşəm və xahiş etmişəm mənə veriblər. 300-dən çox mənim mis qabım var. Bir dəfə bir qohumun evinə getdim. Gördüm ki, həyətdə bir samovar var. Həmin samovara müştəri gözü ilə baxdım. Dedim ki, sizə bir yeni samovar verim, bu antik samovarı mənə verin. Gördüm ki, onlardan səs çıxmadı. Mən gedəndən sonra samovarın yiyəsi onu götürüb turşu ilə yuyub, evə qoyub ki, bu mənim gəlinliyimdir. Onu mən ayıltdım, yoxsa ki, samovar mənim muzeyimdə idi. Bir dəfə də aşsüzən gördüm. O da qədimi idi. Onu da mənə vermədilər. Mən muzeyim üçün əşyanı bir dəfə istəyərəm. Bu qabların hərəsi bir ustanın əlindən çıxıb. Muzeyimin ziyarətçiləri çoxdur. Məktəb uşaqları gəlib baxır, baxça uşaqları ekskursiya edirlər. Başa salıram, danışıram, onlara izah edirəm. Düzdür, yerim bir az balacadır. Bir otaqdır hələ ki. Bunları artırsam mənə 3 otaq lazım olacaq” deyə sənətkar bildirib. 

Vamiq Məmmədəliyev bildirib ki, antik əşya satmaq üçün ona pul təklif edənlər də az olmayıb.

 

“Biri gəldi ki, siz muzeydən hədiyyə verərsiz? Dedim ki, xeyr! Muzeyə hədiyyə gətirərlər, muzeydən hədiyyə aparmazlar. Mən bunu dişlə-dırnaqla yığmışam. Ən bahalı, qədimi lampalar var ki, nənəmdən qalmadır. Özü də çox böyükdür. Mənə demişdilər ki, nə qədər istəyirsiz verim, o lampaları mənə satın. Satmadım. Muzeydən heç bir şey satmaram. İki tarım var, biri atamdan qalıb, biri də sənətkardan. Onları heç kimə vermərəm. Muzeydəki əşyaların sayını artıracam. Bu qablar mənə ilham verir. Onlara baxıb tarda ifa edirəm” deyə xalq artisti bildirib.

Mənbə

Share: