“Hakimlərin müstəqilliyinə heç kəs əngəl törədə bilməz”

“Bu gün hüquq fakültəsini bitirən demək olar ki, hər bir gəncin arzusu hakim olmaqdır. Çünki hakimlik çox müqəddəs peşədir”.

 

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşən Musayev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deyib.

 

O qeyd edib ki, hakimlər müstəqildir və bu müstəqilliyə heç kəs əngəl törədə bilməz: “Bu gün hakimlərə təsir etmək, onlardan nəsə xahiş etmək təkcə hüquq pozuntusu deyil, həm də ayıb hesab edilməlidir. Bəzən deyirlər ki, filan hakimə ədalətli olduğuna görə təşəkkür edirəm. Hakim onsuzda ədalətli olmalıdır. Buna görə ona təşəkkür etmək lazım deyil. Biz daha çox peşəkar yanaşmanı istəməliyik hakimlərdən”.

 

Deputat məhkəmə-hüquq sahəsində müsbət dəyişikliklərə nail olunduğunu söyləyib: “Mən özüm də qısa müddət də olsa, məhkəmə sistemində çalışmışam. Amma indi artıq həmin sistemdən əsər-əlamət yoxdur, həqiqən çox ciddi dəyişiklik var. Bilirəm ki, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov nə qədər ədalətli, prinsipial, savadlı insandır. Sevindirici haldır ki, onun bu xüsusiyyətləri yeni vəzifəsində də özünü göstərir”.

Mənbə

Share: