“Heydər Əliyev deyəndə Azərbaycan yada düşür”

“Ümumilli lider Heydər Əliyevin gələn il anadan olmasının yüz illiyi tamam olur. Ona görə də, Azərbaycan ictimaiyyəti, ziyalılar, türk dünyası 2023-cü ilin “Heydər Əliyev ili” kimi elan olunmasını gözləyirdi. Dövlət səviyyəsində xüsusilə keçirilməsi ilə bağlı qərar gözləyirdi. Nəhayət bugün möhtərəm Prezident bu yöndə qərar imzaladı. Buna bütün dünya azərbaycanlıları və türk dünyası sevinir. Bu qərar həqiqətən də, hər kəsin ürəyindən xəbər verir”.

 

Bunu Modern.az-a 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsini şərh edərkən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Onun sözlərinə görə, ulu öndər hələ sovet dönəmində rəhbərlik etdiyi gündən Azərbaycanın müstəqil olacağını, azərbaycanlıların öz istiqlaliyyətinə qovuşacağını bilirdi:

 

“Ümumilli lider Heydər Əliyev istər Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olanda, istər Azərbaycan SSR-in birinci katibi olanda, Moskvada Siyasi Büronun üzvü olanda bilirdi ki, xalqımız mütləq öz istiqlaliyyətinə qovuşacaq. Çünki Azərbaycan xalqı tarix boyu heç vaxt kölə kimi yaşayan xalqlardan olmayıb. Tarix boyu, yəni Azərbaycan xalqının, türk xalqının mövcud olduğundan bəri bu xalq istiqbalı və istiqlalı ilə hür yaşayıb. Ona görə də, Sovet sistemində çalışanda, yüksək rəhbər vəzifələr tutanda gördüyü işlərlə gələcək müstəqil Azərbaycana töhfələr verib. Müstəqilliyin təməl daşlarını qoyub.

 

O çalışıb ki, Azərbaycan nə vaxtsa, müstəqil olanda, bununla bağlı problem yaşanmasın. Ulu Öndərin Azərbaycanın istedadlı gənclərini SSRİ-nin önəmli universitetlərində təhsil almağa göndərməsi, sovet dövrünün  çətin qadağalarına baxmayaraq, Cəmşid Naxçıvanski adına hərbi məktəbin Azərbaycanda təşkil olunması, azərbaycanlı ziyalıların sovetlər miqyasında çox yüksək səviyyədə qiymətləndirilməsi və başqa bu kimi işləri Azərbaycanın müstəqilliyinə hədəflənmişdi. Heydər Əliyev sovetlər dönəmində azərbaycanlı aydınları misal üçün, Bəxtiyar Vahabzadəni, Elçibəyi rus-sovet faşizminin aləti olan KKB-nin işgəncələrindən xilas edib.  Həm də sovetlər dönəmində Azərbaycan xalqının tarixində Gülüstan müqaviləsinin ağır bir hadisə olduğunu bir daha xatırlatmaq üçün  Bakıda Azərbaycanın ən böyük sarayına Gülüstan adı verilməsi təsadüfi deyil. O vaxt həm də Azərbaycan Xalq Cümhuriyyətinin ilk fəaliyyətə keçdiyi məkan olan Gəncənin  Sovet dövründə Kirovabad olması çox ağır bir hal idi. Bu baxımdan Gəncənin rayonlarından birinə Nizami Gəncəvinin xatirəsini yaşatmaq üçün Nizami adı verilməsi, yaxud Bakının ən gözəl bölgələrinə Xətai, Nizami, Nəsimi kimi adların verilməsi milli təffəkürün oyanması, milli şüurun oyanması üçün  atılan addımlar idi”.

 

Məlahət İbrahimqızı vurğulayıb ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında həmişə yaşayacaq:

 

“Ona görə də, bu qələbənin təməllərini hələ o vaxtdan atırdı. Biz ötən 30 il müddətində gördük ki, ulu öndər Heydər Əliyevin siyasəti nə qədər müdrik və uzaqgörəndir. Biz onu bir çox hallarda dərk etməmişik. Yetərincə, layiqincə qiymətləndirə bilməmişik. Çünki onu qiymətləndirmək üçün Heydər Əliyev kimi mütəxəssis olmaq lazımdır. Alim olmaq lazımdır. Hər keçən gün Heydər Əliyevin dahiliyi, Azərbaycan xalqına bağlılığının bir daha şahidi oluruq. Heydər Əliyev irsi əbədiyaşar, tükənməz bir irsdir, xəzinədir. O xəzindən istifadə edəndə biz Şuşa zəfəri kimi bir zəfər qazanmağa nail oluruq.  2003-cü ildən ümumilli liderin siyasi kursunu davam etdirən, onun ən dəyərli, siyasi varisi olan  İlham Əliyevin timsalında bir daha onun dahiliyinin şahidi olduq. Azərbaycan xalqı həmişə o irsdən faydalanacaq. Faydalandıqca zəfər və uğur qazanacaq. Son olaraq onu demək istəyirəm ki, Heydər Əliyev Azərbaycanın özüdür. Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşür. Ulu öndərin bir sözü var, deyir ki, Azərbaycan durduqca mən var olacam. Azərbaycan əbədiyyən var olacaq və həmişə Azərbaycan xalqının yaddaşında Heydər Əliyev yaşayacaq”.

Mənbə

Share: