Heyvanlar belə xərçəngdən tələf olur…

Dünyada sənayenin, xüsusilə də hərbi sənayenin sürətli inkişafı planetimizdə ekoloji böhranı kritik həddə çatdırıb.

 

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bugünlərdə ABŞ-ın Nyu Meksiko bazası yaxınlığındakı vəhşi təbiətdən götürülən nümunələr sadəcə ekoloqları deyil, hər kəsi şoka salıb. Belə ki, hərbi bazanın yaxınlığındakı torpaq və su örtüyündən götürülən nümunələr təbiətdə həll edilməsi, “yoxa çıxması” min illərlə vaxt tələb edən perfluoroalkil və poliftoralkil (PFAS) kimi təhlükəli kimyəvi maddələrin hədsiz çoxluğunu ortaya qoyub.

 

Araşdırma nəticəsində vəhşi təbiətdəki minlərlə quş və heyvandan alınan nümunələr onların böyük əksəriyyətinin yüksək dozada PFAS-la zəhərləndiyini, inəklərin südlərində belə zərərli kimyəvi elementlərin miqdarının normadan dəfələrlə çox olduğunu ortaya çıxarıb. Bu səbəbdən də 3600-dan çox inək məhv edilib.

 

Ekoloqlar hesab edir ki, təbiətdə “əbədi kimyəvi maddələrin” kəskin artması ətraf mühitin eyni tullantılardan əsrlər uzunu zəhərlənməsi deməkdir ki, bu da yer üzündə həyatın mövcudluğunu sual altına alır. Bu səbəbdən də mütəxəssislər təbiətə atılan kimyəvi tullantıların təmizlənməsinə diqqəti ciddi şəkildə artırmağı zəruri hesab edir. Eyni zamanda, onlar hesab edir ki, təbiətin “həzm etməkdən imtina etdiyi” kimyəvi maddələri alternativ maddələrlə əvəz edilməsinə ciddi ehtiyac var.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: