Hollandiyada 1600 miqrant yeniyetmə itkin düşüb

Şərq ölkələrindən, Afrikadan miqrantların ən çox üz tutduğu ölkələrdən biri də Hollandiyadır. Amma xüsusilə uşaqların burada təhlükəsizliyini təmin etmək asan məsələ deyil.

Bizimyol.info xəbər verir ki, son 4,5 ildə 1600-dən çox yeniyetmə miqrant Hollandiyada itkin düşüb. Bu haqda NRC qəzeti dövlət xidmətlərinə istinadən xəbər yayıb.

Söhbət Avropaya valideynsiz gəlib çıxmış yeniyetmələrdən gedir. Onların 325-i Mərakeşdən, 190-ı Əlcəzairdən, 167-si Əfqanıstandan, 114-ü Suriyadan, elə bu qədəri də Eritreyadandır.

Miqrasiya xidmətinin əməkdaşlarının fikrincə, əksəri böyük ehtimalla Almaniyaya, Belçikaya, Fransaya valideynlərinin, yaxınlarının yanına yollanıb. Hüquq müdafiəçiləri bu qədər nikbin düşünmür. Onlar hesab edir ki, yeniyetmələr cinayətkar qrupların əlinə düşə bilər.

NRC yazır ki, Mərakeşdən gələnlərin əksəri onsuz da cinayətkarlara qoşulur. Oğlanlar, adətən, mağazalardan oğurluq edir. Qızlar isə fahişəliklə məşğul olur.

İki il əvvəl Almaniyanın ZDF telekanalı miqrasiya mərkəzinin əməkdaşlarının qadın alverindəki rolundan bəhs edən reportaj hazırlamışdı.

Share: