İlham Əliyev 2 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Milletinsesi.az sərəncamın mətnini təqdim edir:

1. Altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 22,0 (iyirmi iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

1. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etsin.

2. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 179; 2016, № 2 (II kitab), maddə 338, № 8, maddə 1384; 2019, № 5, maddə 890; 2020, № 5, maddə 602) 2-ci hissəsinə “əlvan” sözündən sonra “və qara” sözləri əlavə edilsin.

3. “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1287) 1–3-cü hissələri ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görsün;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

Share: