İlham Əliyev Azərbaycanın etimadlı dövlət statusunu daha da möhkəmləndirir

Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələri hər iki ölkə üçün strateji önəm kəsb edir və Ərəbistan yarımadasından, Yaxın Şərqdən başlayaraq Mərkəzi Asiyaya, Cənubi Qafqaza qədər geniş bir ərazidə dayanıqlı iqtisadi əməkdaşlığın, qarşılıqlı təhlükəsizlik mexanizmlərinin və etimadlı münasibətlərin təşviqi baxımından mühüm əhəmiyyətə malikdir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Prezident İlham Əliyevin 2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışını şərh edən millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. 

 

Millət vəkili deyib ki, hər iki ölkə – həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri ənənəvi enerji sektorunda böyük uğurlar əldə etməklə yanaşı, gələcəyə sərmayə yatırır, bərpaolunan enerji layihələrinə böyük önəm verirlər:

 

“Prezident İlham Əliyev öz nitqində ölkəmizin bərpaolunan enerji ilə bağlı fərqli proqrama və nəhəng potenisla malik olduğunu vurğuladı və bildirdi ki, Azərbaycan sözügedən istiqamətdə həyata keçirilən və keçiriləcək layihələr sayəsində enerji ixracanı şaxələndirəcək. Qeyd edim ki, ölkəmiz artıq bərpa olunan enerji sektoruna sərmayə yatırmaqla, sərmayələr cəlb etməklə yanaşı, ixracın şaxələndirilməsi istiqamətində də strateji önəm daşıyan, uzaq hədəflərə hesablanmış addımlar atır. Ölkəmizdə, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır. Ötən ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması da ölkəmizin enerji marşrutlarının şaxələndirilməsi və bərpa olunan enerji sahəsində aydın bir baxış bucağına sahib olduğunu nümayiş etdirir”.

 

Azər Kərimli dövlətimizin başçısının öz nitqində ölkəmizin enerji və uxrac imkanlarına diqqət çəkdiyini, bu xüsusda Azərbaycana sərmayələrin cəlb edilməsi üçün qarşılıqlı faydalı əməkdaşlığı təşviq etdiyini xatırladıb:”Cənab Prezident qeyd etdi ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Şübhəsiz ki, beynəlxalq enerji şirkətlərinin Azərbaycanın bərpaolunan enerji sektoruna, o cümlədən sözügedən istiqamətdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrə böyük investisiyalar yatırması ölkəmizə və təbii ki, Prezident İlham Əliyevə olan yüksək etimadın göstəricisi kimi dəyərləndirilməlidir. İlham Əliyev atdığı hər addımda Azərbaycanın etimadlı dövlət statusunu daha da möhkəmləndirir, sözümüzün də imzamız qədər keçərli olduğunu bütün dünyaya nümayiş etdirir”.

Mənbə

Share: