Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milletinsesi.az xəbər verir ki, Prezident İlham Əliyev qonaqları salamlayıb:
– Xoş gəlmisiniz.
– Ruhsar Pekcan: Çox təşəkkür edirik. Çox məmnun olduq. Cənab Prezidentimizin Sizə sevgilərini, salamlarını gətirdik.
– Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.
– Ruhsar Pekcan: Cənab Prezidentimizin və Sizin uzaqgörənliklə ölkələrimiz arasındakı əməkdaşlığa verdiyiniz önəmə əsaslanaraq biz cənab nazir Cabbarovla birlikdə iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi istiqamətində, inşallah, gözəl işlər görəcəyik. Bu gün onunla da görüşümüz olacaq. Xatırladım ki, Birgə İqtisadi Komissiyanın toplantısında 147 maddədən ibarət ortaq fəaliyyət planı hazırladıq. Mən cənab Cabbarov ilə birlikdə bu 147 maddədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini daim nəzarətdə saxlayacağıq. Azərbaycanın Gömrük Komitəsinin sədri ilə Ankara görüşümüzdə Sadələşdirilmiş Gömrük Dəhlizi ilə bağlı anlaşma memorandumu imzalamışıq. Azərbaycan, Gürcüstan, Türkiyə olaraq Sizlərin də dəstəyi ilə, inşallah, həm ortaq biznes forum keçirəcək, həm də ortaq Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında anlaşma memorandumu imzalayaraq ölkələrimiz arasında ticarətin, gömrük-keçid prosedurlarının asanlaşdırılması ilə bağlı birgə addımlar atacağıq. Həmçinin cənab prezidentlərimizin dəstəyi ilə yaxın zamanlarda bizə güzəştli ticarət müqaviləsi imzalamaq qismət olacaq. Zati-alinizin və cənab Prezidentimizin razılığı ilə bu müqaviləni, – 15 maddəlik məhdud bir müqavilədir, – genişləndirib sənədə yeni nəsil azad ticarət razılaşmalarını, xidmətləri, sərmayələri də daxil etmək istəyirik. Azərbaycanın, SOCAR-ın Türkiyədəki sərmayələri bizim üçün son dərəcədə önəmlidir. Biz də bütün dəstəyimiz, təşviqimizlə SOCAR-ın yanındayıq. İnşallah, yeni sərmayələr də gözləyirik. Azərbaycanın investisiya imkanlarının tanıdılması ilə bağlı sentyabrda təqdimat təşkil etməyi nəzərdə tuturduq. Amma, cənab Prezident, indi həmkarlarımızla müzakirələr aparıb fevral ayında Türkiyədə Azərbaycanın investisiya iqlimi ilə bağlı təqdimat təşkil etməyi planlaşdırırıq.
– Prezident İlham Əliyev: Çox gözəl, çox təşəkkür edirəm. Xahiş edirəm mənim də səmimi salamlarımı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana çatdırasınız. İki gün bundan öncə biz telefonla danışdıq, bu il ərzində görülmüş işlərə bir daha nəzər saldıq. Doğrudan da 2019-cu il bizim əlaqələrimiz üçün çox uğurlu il olmuşdur. Bizim çoxsaylı görüşlərimiz, eyni zamanda, nazirlər səviyyəsində keçirilmiş görüşlər, beynəlxalq tədbirlərdə görüşlərimiz birliyimizi daha da gücləndirdi. Bildiyiniz kimi, bu il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü bir daha türkdilli dövlətlər arasındakı birliyi, həmrəyliyi təsdiq etdi. Əlbəttə, Türkiyə-Azərbaycan əlaqələri xüsusi önəm daşıyır və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Biz siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, mədəniyyət sahələrində sıx əməkdaşlıq edirik. Elə bir sahə yoxdur ki, biz uğurla əməkdaşlıq etməyək.
Əlbəttə, bu il də çox önəmli hadisələr birgə qeyd olundu. Onlardan biri də TANAP-ın Avropa sərhədinə çatdırılması layihəsidir. Biz TANAP-ın Türkiyə bazarına çatdırılmasını keçən il qeyd etmişdik. Bu il noyabrın sonunda isə TANAP artıq Avropa sərhədinə çatdırıldı və bu tarixi hadisəni birlikdə qeyd etdik. Əminəm ki, gələn il Cənub Qaz Dəhlizi tam istismara veriləcək və beləliklə, bizim birgə həyata keçirdiyimiz bu nəhəng layihə artıq başa çatacaq.
Qarşılıqlı sərmayə qoyuluşu məsələlərində də çox gözəl nəticələr var. Azərbaycan bu günə qədər Türkiyəyə 17 milyard dollardan çox, Türkiyə isə Azərbaycana 12 milyard dollardan artıq sərmayə qoyub. Qeyd etdiyiniz kimi, SOCAR-ın yeni planları, yeni sərmayə qoyuluşu layihələri var. Onlar da həyata keçdikcə bizim Türkiyəyə yatırdığımız sərmayənin həcmi 20 milyard dollara çatacaq. Bu, bir daha bizim qardaşlığımızı göstərir. Çünki ancaq bir-birinə sıx bağlı olan ölkələr bir-birinin iqtisadiyyatına bu qədər yatırım qoya bilərlər.
Biz çox şadıq ki, Azərbaycanda yüzlərlə Türkiyə şirkəti fəaliyyət göstərir. Onlar bizim üçün çox önəmli layihələrdə – xüsusilə texnoloji baxımdan tutumlu, inşaat və sənaye layihələrində iştirak edirlər. Bakıda bir çox müasir binanın inşaatında, dizaynında və memarlığında Türkiyə şirkətlərinin izi vardır. Burada xarici şirkətlər arasında dövlət xətti ilə gerçəkləşən layihələrdə Türkiyə şirkətləri böyük üstünlük təşkil edir. Bu da təbiidir. Çünki biz hər bir sahədə bir-birimizi dəstəkləyirik, həm siyasi sahədə, həm də iqtisadi və ticarət sahələrində. Qarşılıqlı ticarət dövriyyəsi də artır. Artıq hazır olan preferensianal ticarət anlaşması da imzalanandan sonra ticarət dövriyyəsi daha da artacaq.
Əminəm ki, sizin Azərbaycana bugünkü səfəriniz çox uğurlu olacaq. Bu, bizim ilin sonunda iki ölkə arasındakı əlaqələrə verdiyimiz önəmin gözəl nəticəsi, bir yekunudur. Yekun da çox müsbətdir.
– Ruhsar Pekcan: İnşallah, cənab Prezidentim. Azərbaycanın və Türkiyənin beynəlxalq platformalarda hər zaman bir-birinin yanında olması da cənab Prezidentimizin və Zati-alinizin sayəsində bizim ayrı bir xüsusiyyətimizdir. Biz sizlərə təşəkkür edirik. Sizin TANAP-la bağlı mərasimdəki çıxışınızı daim xatırlayıram. Bu, möhtəşəm, ölkələrimizin əlaqələrini çox yaxşı izah edən bir çıxış idi.
– Prezident İlham Əliyev: Sağ olun.