“İlk oyundan sonra “Rakuv”a simpatiyam oyandı”

“İlk oyundan sonra “Rakuv”a simpatiyam oyandı”.

Milletinsesi.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşa klubu “Rakuv”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis səfərdə baş tutan ilk görüşdə 2:3 hesabı ilə məğlub olmalarına baxmayaraq, mərhələ adlamağa çalışacaqlarını bildirib: “Bizim üçün vacib oyundur. Çox intizamlı komandaya qarşı çıxış edəcəyik. Üstünlük rəqibdə olsa da, geridə qalan günlərdə pis hazırlaşmadıq, “Rakuv”u tam yaxından tanıdıq. Futbolçularımız hansı komandaya qarşı oynadıqlarını hiss etməlidirlər. Sabah meydana yaxş nəticə üçün çıxacağıq. Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq. Buna ehtiyacımız var. Bütün futbolçular görüşə məsuliyyətlə hazırlaşıblar”.

Baş məşqçi qapıçı Şahruddin Məhəmmədəliyevin matçda çərçivədə dayanıb-dayanmayacağı ilə bağlı sualı cavablandırarkən bütün oyunçuların meydana çıxmaq imkanının olduğunu bildirib: “Start heyətini sabah müəyyənləşdirəcəyik. Hələ bir gün vaxtımız var. Bütün diqqətimiz matçda və rəqibdə olmalıdır. Oyundan kənara çıxmalı deyilik. Hər bir futbolçu bu görüşdə səhvdən uzaq olmağa çalışmalıdır, eləcə də qapıçılarımız”.

O, Polşa çempionuna qarşı rəğbət bəslədiyini etiraf edib: “Hər rəqibə qarşı ilk oyundan sonra daha yaxından tanıyırsan. Nə düşünürdüksə, “Rakuv”un ifasında onları gördük. Hətta daha yaxşı vəziyyətdə idilər. Bakıdakı oyunda səfərdəkindən fərqli olmalı, mübarizədən bir saniyə də qopmamalıyıq. “Rakuv” ildən-ilə daha keyfiyyətli iş görür və nəticələr əldə edir. Onlar öz sistemlərini çox yaxşı icra edirlər”.

Qurban Qurbanov “Rakuv”un sabiq baş məşqçisi Marek Papşunun bu cütdə Polşa klubuna üstünlük verməsinə də münasibət bildirib: “Bu komanda elə formalaşıb ki, məşqçi getsə belə, iş prinsipləri qorunacaq. “Rakuv”a qarşı qışda Antalyada yoxlama görüşü keçirmişdik. Həmin vaxtdan bəri sanki onlarda daha çox inam var. Baş məşqçiləri çox gənc olsa da, öz işində məsuliyyətlidir və qurulan işi çox yaxşı icra edir. Onlar meydanın hər yerində yaxşı müdafiə oluna bilirlər. Qol vurmaq üçün daha fəal olmalıyıq”.

Mütəxəssis yeni transfer Juninyonun durumunun normal olduğunu deyib: “Onun vəziyyəti normaldır. Artıq komanda ilə birlikdə məşqlərdə iştirak edir”.

“Qarabağ”ın baş məşqçisi sabahkı qarşılaşmada diqqətli olmağın vacibliyini vurğulayıb: “Əgər öz oyununu oynamaq istəyirsənsə, ilk növbədə rəqibə istədiyi kimi çıxış etmək imkanı verməməlisən. Biz də buna çalışacağıq. Öz oyunumuzdan, prinsiplərimizdən əl çəkməyəcəyik. Bu günə kimi bütün uğurlar bu prinsiplərə görə əldə olunub. 90 dəqiqə konsentrasiyanı itirməməliyik”.

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq oyun saat 20:00-da start götürəcək.

Mənbə

Share: