Bakıda özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin qanunsuz əməlləri nəticəsində zərərçəkmişlərdən biri Mehman Baxşızadə övladına aliment ödəməkdən yayınır.
Teleqraf.com-un xəbərinə görə, Mehman Baxşızadə özünü “zühur etmiş 12-ci İmam Mehdi” kimi təqdim edib, 15 ildən çox müddətdə müxtəlif adamları aldatmaqda, illərlə onların külli miqdarda pulunu zəkat, yardım adıyla mənimsəməkdə ittiham olunan Aqil Babayevin işi üzrə zərərçəkmişlərdən biridir.
Bu illər ərzində Aqil Babayevə hər ay pul verdiyi iddia olunan Mehman Baxşızadənin özü də pul məsələsinə görə məhkəməyə verilib. Onun keçmiş həyat yoldaşı iddia edib ki, birgə nikahdan dünyaya gəlmiş qızına aliment ödəmir.
Mehman Baxşızadənin keçmiş həyat yoldaşı məhkəmədə aliment tələbilə iddia qaldırıb. Bu iddia ərizəsinə Xətai rayon Məhkəməsində baxılıb. Keçmiş həyat yoldaşı aylıq 500 manat aliment tələb edib. O bildirib ki, uzun illər öncə ayrılsalar da, Mehman Baxşızadə övladının xərclərini ödəməyib. Bu üzdən məcbur olub, illər sonra məhkəməyə müraciət edib.
Mehman Baxşızadə isə bildirib ki, bir şirkətdə tikinti üzrə usta işləyir, aylıq maaşı 300 manatdır, başqa uşaqları da var və bunun nəzərə alınmasını istəyir.
Məhkəmə onun üzərinə aylıq 193 manat aliment ödəmək öhdəliyi qoyub.
Qeyd edək ki, Aqil Babayevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baxılır.
Bu cinayət işi üzrə məhkəmədə ifadə verən zərərçəkmiş Mehman Baxşızadə ifadəsində deyib ki, Aqil Babayevi “İmam Mehdi” kimi qəbul edib, ona bu illər ərzində təxminən 10 min manat verib.
Bundan başqa, onun evlərinin təmir-tikintisində iştirak edib. Hər dəfə “İmam Mehdi” ona zəhmət haqqı kimi 10 min manat verəcəyini vəd etsə də, sözünə əməl eləməyib.
Mehman Baxışzadə deyib ki, “İmam Mehdi” haqda söhbətlərinə görə evdə həyat yoldaşı ona gülüb: “Mən də bunu Aqil Babayevə danışdım. O isə həyat yoldaşımı “şeytan” adlandırdı, ondan ayrılmağımı tövsiyə etdi. Mən də Aqil Babayevin sözü ilə birgə nikahdan iki qızlarım olan həyat yoldaşımdan boşandım”.
Mehman Baxşızadənin sözlərinə görə, bir müddət sonra o, “İmam Mehdi”nin tövsiyə etdiyi qadınla ailə qurub, toy məclisi qurub, kəbinlərini də Aqil Babayev kəsib. Bu nikahdan da bir qızı dünyaya gəlib. Amma bir müddət keçəndən sonra həyat yoldaşının “İmam Mehdi” ilə sevgi münasibətlərini əks etdirən məktublar tapıb.
Mehman Baxşızadə bildirib ki, Aqil Babayevə 12-ci imam kimi çox inandığına görə həmin məktublarda oxuduqlarına şübhə ilə yanaşıb.
Buna baxmayaraq, oxuduqlarını həzm edə bilməyib və 2012-ci ildə həyat yoldaşından ayrılıb. Amma Aqil Babayevin özünə bu haqda heç nə deməyib.
Əksinə, onunla münasibətləri davam etdirib – ona əvvəlki kimi zəkat verib, beyət edib. Bu proses Aqil Babayev həbs olunduğu vaxta qədər davam edib.
Mehman Baxşızadə ikinci həyat yoldaşından ayrılandan bir müddət sonra üçüncü dəfə ailə qurub və hazırda da o qadınla yaşadığını deyilir.
İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.
O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.