…nə Aqil Abbasın maaşında, nə də Fəzailin obyektlərində…

Fəzail Ağamalının məlum gilas olayı gündəm oldu. Gilasın baha olmasını düzgün çatdıra bilməyən Ana Vətən partiyasının ömürlük sədri, həmişədeputat sosial şəbəkələrdə lınc edildi. Dərhal Ağamalının evlərinin və obyektlərinin siyası yayıldı.

Cəmiyyətin gözü tərəzidir . Hamı bilir ki, deputatlar gilasın kilosu nəinki 6 manat, 60 manat da olsa, onu alıb təam edəcək və etməlidirlər də.
Bu nəinki deputatın, istənilən vətəndaşın haqqıdır..

Fəzail müəllimin demək istədiyi və deyib peşman olduğu o idi ki, bu qədər əmlakı, obyektləri və yüksək maaşı ola-ola gilası 6 manata almaq istəmir. Bir balaca da kasıblara rəhmi gəldi. (indi deyir ki, gəlməz olaydı)Yəni şişirdilmiş qiymətdir. Deputatın məlum çıxışından sonra gilas dərhal 2,5 manata düşdü. Ona Səlyan və Neftçala camaatının “duaları” bəs edir, ha tənqid edin. “Sevgini” siz də gördünüz; salyanlılar Jalə xanıma və Fəzail müəllimə gilas da alıb göndərdilər.

Görün hələ  tərif yazanlar nə deyir?

Bir status gördüm: Onu tənqid edən “anti-Azərbaycan” qüvvələridir.

Bir yazı oxudum: “Ağamalını tənqid etməyin, ağlamalı günə qalarsınız”.

Daha rəzil müdafiə: onu tənqid etsəniz, sizi daha heç kim müdafiə etməyəcək..

Başqa bir yerdə Ağamalını ələ salanları dil uzadanlar adlandırıblar.

Bu nə düşüncə tərzidir, bu nə əxlaqdır? Kim tənqid olunursa, onun yan-yörəsi təhqirə keçirlər . Hardan alırsınız bu cəsarəti?

Aqil Abbas deyir ki, maaşımız hamının gözünə batır.

Fazil Mustafa caamatı qaraguruh adlandırır.

Fəzail Ağamalı isə anti-Azərbaycan qüvvələri.

Türklər demişkən “Ulan, kimsiz siz”. Hamı dediyiniz bu millət min zillətlə yaşadığı torpağına görə şəhid verdiyi övladını musiqi ilə qəbul edir.

Heç kim mənim xalqımı təhqir edə bilməz. Etməyin!Tumandan çıxmış bulletenlə qazandığınız var-dövlət burnunuzdan gələr.

 

Təkcə gilas bahadırmı? 250 manat pensiya alan vətəndaş üçün indiki qiymətlərlə yaşamaq dözülməzdir. Aqil müəllim düz deyir; indi 3 min manatla güclə yaşamaq olar. Səyahətsiz, avtomobilsiz… Amma 400-500 manatla sürünmək də mümkün deyil.

Biri  gilasın baha olmasını tənqid edib “qəhrəman” olmaq istəyir, biri  “”AzAl”ı söyür, bir TƏBIB-i, bir Sahili.. Bununla iş düzəlirmi? Xeyir! Maaşlar, pensiyalar, vergilər, qiymətlərin tənzimlənməsi oturduğunuz parlementdə həll edilir. O qanunlara  minlərlə problem yaradıb,  sonra onun birini həll etməklə cəmiyyət üçün sevimli şəxsə çevrilmək ustəyirsiz? Işığın, qazın, benzinin, suyun  qiymətinin artmasını siz dəsdəkləməmisinizmi? Uşaq pulunun verilməsinə əngəl yaratmırsınızmı? Hətta yerdən çıxan bulaq suyuna da göz dikmisiniz. Indi də xalq, millət adından danışırsınız..Nə haqla? Xalqın nə Aqil Abbasın maaşında, nə Fəzailin obyektlərində, nə də taladığınız milyonlarda gözü yoxdur. Xalq sadəcə yaşamaq istəyir, insan kimi..

Talib Əhədov

Share: