İran dostu, qardaşı Ermənistanın aqibətindən nəticə çıxarmalıdır

“Azərbaycan bütün ölkələrlə dost, tərəfdaşlıq münasibətlərinin qurulmasını və inkişaf etdirilməsində hər zaman maraqlı olub”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın başqa ölkələrlə, o cümlədən İsraillə münasibətlərini inkişaf etdirməsi digər ölkələri narahat etməməlidir: “Xüsusilə qonşumuz İranın bununla bağlı mövqeyi qəbuledilməzdir. Çünki Azərbaycan hər zaman milli maraqlarına uyğun siyasət yürüdür və onun bu siyasəti qonşu ölkələrə qarşı deyil. İran istər bu, istərsə də qonşuya yaraşmayan digər hərəkətlərindən çəkinmək niyyətində görünmür. Azərbaycana qarşı təhdidlərin, hədələrin miqyası günbəgün genişlənir. İran Azərbaycanda İsrail izi axtarmaqdansa, yaxşı olardı ki, öz daxilindəki casusları müəyyən edib zərərsizləşdirsin. Elə bu yaxınlarda İranın müdafiə naziri müavininin uzun illər Britaniya kəşfiyyatına işlədiyi məlum oldu. İranda alimlərin öldürülməsi, layihələrin sıradan çıxarılması görəsən kimin işidir? Bir çoxu bu məsələdə böyük uğur əldə etmiş İsrail kəşfiyyatının izini görür. Belə çıxır ki, İran dəvəquşuna bənzəyir. Başını torpağa soxub, elə bilir dünyanın bunun daxilində baş verənlərdən xəbəri yoxdur”.

Deputat diqqətə çatdırıb ki, molla rejimi artıq ölkədə nəzarəti itirir: “Etiraz edən geniş xalq kütlələri, terrordan bezmiş qonşular, özünümüdafiə refleksi ilə hərəkət edən böyük dövlətlər indi Tehranda əsaslı təşviş və xaosa səbəb olur. Nəticədə molla rejimi artıq məntiqli düşünmək qabiliyyətini itirib. Artıq xalqlar rejimi dəstəkləmir və ona olan bütün ümidlər ölüb. Özünü bölgənin ağası sayan Tehranın imkanları əlindən çıxdıqca daha da azğınlaşır. Özünə böyük dövlət deməklə, böyüklük olmur. Başqa ölkəni təcavüzlə, hücumla hədələyən İran ən yaxın müttəfiqi Ermənistan qədər kiçik və rəzildir. Yaxşı olar ki, Tehran elə dostu-qardaşı İrəvanın aqibətindən nəticə çıxarsın. Son vaxtlar İranda xarici ölkələrə işləyən casusların müəyyən edilməsi bu rejimi daha da azğınlaşdırıb. Dövlət orqanları, güc strukturları rəqabət şəraitində bir-birinə əngəl törədib dövlətin ümumi işini pozur. Belə bir vəziyyətdə də xarici kəşfiyyat orqanlarının İran hakimiyyəti, ordu, xüsusi xidmət orqanları sırasına sızması üçün olduqca münbit şərait yaranır. İndi İranda kimin at oynatdığı, kimin kimə xidmət etdiyi bəlli deyil. Bir gün mollaların İsrailə xidmət etdiyi müəyyən olsa, heç təəccüblü görünməyəcək”.

Komitə sədri qeyd edib ki, düşdüyü vəziyyətdən keçirdiyi sarsıntı Tehran rejiminin təmsilçilərini yersiz və məsuliyyətsiz addımlar atmağa sövq edir: “Gah bölgəyə xarici qüvvələrin yerləşməsinin yolverilməz olduğunu deyirlər, gah da dövlət sərhədlərinin dəyişməzliyini “qırmızı xətləri” elan edirlər. Guya hansısa sionist elementlərdən dəm vururlar, Ermənistanın burnunun ucuna yerləşdirdiyi Avropa İttifaqının missiyası haqqında isə danışmırlar. Ermənistanın 30 il ərzində Azərbaycanın İranla 132 km-lik sərhədini işğal altında saxlamasına səsini çıxarmayan molla rejimi bu gün heç bir təhdid olmadığı halda “qırmızı xətt” müəyyənləşdirir. Bunu ən yumşaq halda ikiüzlülük adlandırmaq olar.

44 günlük Vətən müharibəsində Zəfərimizdən sonra isə Azərbaycanın ünvanına təhdidlər yağdırır, sərhəddə ardıcıl təlimlər keçirirlər. Görünən odur ki, Tehran rejimi müttəfiqi Ermənistan kimi Azərbaycanın qələbəsini həzm edə bilmir, torpaqlarımızın işğaldan azad edilməsi rahatlığını əlindən alıb”.(apa)

Mənbə

Share: