İran hicab məsələsinə yenidən baxacaq?

Sentyabrın 16-da İranın paytaxtı Tehranda “əxlaq polisi” tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü nəticəsində başlayan etirazlar hökuməti ciddi narahat edib.

 

Modern.az-ın məlumatına görə, İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri 1983-cü ildə qəbul edilən, İranda bütün qadınlar üçün hicab taxmaq məcburiyyətini əks etdirən qanunu barədə deyib ki, parlament və İnqilab Ali Şurası hicab məsələsi üzərində işləyir. Hazırda araşdırma aparılır  və nəticəsi yaxın günlərdə açıqlanacaq.

 

Baş prokuror qeyd edib ki, İran parlamenti və İnqilab Ali Şurasının hicab məsələsi ilə bağlı hüquqi tənzimləmə üzərində iş aparır: “Konstitusiyaya sadiq qalaraq qərar verəcəyik. 15 gün ərzində işlər yekunlaşacaq”.

 

Məhsa Əmininin saxlanmasına səbəb olan “əxlaq polisi” ilə bağlı məsələni şərh edən Məhəmməd Cəfər Montazeri bu praktikanı “Sosial Təhlükəsizlik Polisi” adlandırıb və qeyd edib ki, ölkəsinin məhkəmə orqanları bir sıra addımlar ata bilər:

 

“Amma biz məhkəmə orqanları olaraq sosial təhlükəsizlik polisinə son qoymaq fikrimiz yoxdur. Təbii ki, son hadisələrdən sonra bizim təhlükəsizlik və mədəniyyət mərkəzləri problem üçün daha məqbuldur. Onlar həll yollarını axtarırlar”.

Mənbə

Share: