İran-Turan içindəki çırpıntılarımız…

(Rəsulzadəni düşünərkən)

1500-cü illərdən üzü bəri, hətta 3 minildən çoxdur ki, Mərkəz Türklərinin tarixi (İran-İraq-Qafqaz türkləri) İran-Turan mədəniyyət sistemləri arasındakı çırpıntılardan başqa bir şey deyildir.

Cümhuriyyət quruculuğu dönəmi,   Türk düşüncəsinin və ruhunun Şah İsmayılın Şiə qaranlığından, məzhəb-mədrəsə, təriqət-təkkə bölücüklüklərindən sıyrılıb çıxması, aydınlanması dönəmi idi. Bu Qafqaz Türklərinin seçimi idi. Türkmənçaydan sonra Qafqaz Türklərinin başarısı idi. Düşüncənin, ruhun, fikrin keyfiyyət dəyişməsi idi. Türklük idi. Cümhuriyyətin ilkəsi Türk idi.

Lakin Cümhuriyyət lideri böyük düşünür Rəsulzadə Cümhuriyyəti Türklük-Turanlılıq dəyərləri əsasında inşa etsədə, özü bir düşünür kimi, ideoloq kimi İranla-Turanı sintez etməyə cəhd göstərmişdi. Azərbaycana belə bir misyon yükləmişdi. XX yüzildə mədəniyyət sistemlərinin ruhuna nüfuz edən, anlayan 2 türk lider vardır. Atatürk. Rəsulzadə. Atatürk Türkü Ərəb mədəniyyət sistemindən tamamilə qopardı. Atatürkün Türkü Ərəbizmdən sıyrıldı, çıxdı.  Rəsulzadənin Türkü İranlılıqla-Turanlılığı öz mənliyində daşıyan Türk idi. Azərbaycan Cümhuriyyəti o türkün obrazı, simvolu idi. (Oxu. Əsrimizin Siyavuşu) Tarixi seyr edərkən bu İran-fars ənənələri, ruhu və dünyagörüşü içində bişmiş yetişmiş, bu mədəniyyətə heyranlıq duyan  4 böyük Türklə qarşılaşdım. Nizmi, Şəms Təbrizi, Şah İsmail, Rəsulzadə. Nizami Səlçuklu Türk imperatorluğuna qarşı Sasanlı krallarının dəbdəbəli ehtişamını və şəxsiyyətini, obrazını yaratdı, Sasanlı ənənəsini diriltdi. Şah İsmail bütün ruhu ilə türk olsada Nizaminin vəsf etdiyi Sasanlı dövlətini Şiəliklə dirçəltdi, Rəsulzadə Sasanlı-İranlılıqla savaşmadı, böyük bir şərq mədəniyyət faktı kimi qavradı, Şəms isə İslam içindəki daha çox fars mərkəzli  batini-Sufi hərəkatlarının və fəlsəfəsinin zirvəsindən baxdı. Bu 4 böyük Türk Fars-İranlılığını sorğulamadı. Şah İsmail və Rəsulzadə Türk İranlılığı modeli yarada bildimi?

Hələlik, az bilgilərimlə buna cavabım yox. Bəlkədə gələcəkdə buna cavab verə biləcək bilgilərim oldu kim bilir.

Rəsulzadə əslində bir  növ Şah İsmayılın  modernizm çağında yetişmiş davamçısımı idi?

Şah İsmail Ərəblərin çöktürdüyü Fars-Sasanlı-İranı dirildərək, böyük Türk-Fars İttifaqı quran tək liderdir. Doğrudur, Sultan Mahmud Qəznəli və Səlçuklular Fars dilini və ədəbiyyatını göylərə yüksəltmişdilər, lakin Türk oğlu türk idilər, öz təəbələrini-farsları yaxud Tacikləri əsla əzmək yox, Türkə yaraşan şəkildə yüksəltmək görəvləri vardı. (İran -Fars tarixində türklərə qarşı əsla belə münasibət bəslənməmişdir. Fars faşizmi Türk dil və mədəniyyətini İran Platosindan silməyə çalışmışdır. Oxu. Əli Şəriəti. Özə dönüş.) Tarixdə Şiəlik məzhəbi əsasında Fars-Türk ittifaqını başarılı şəkildə quran tək türk lider Şah İsmayıldır. Şah İsmayıl çocuklukdan Gilan tərəflərdə İran kökənli batini sufi dədələr tərəfindən Şüubiyə məktəbində yetişdirilmişdi. Şüubiyənin məqsədi Sasanlı dövlətini və mədəniyyətini bərpa etmək, Fars İranlılığını diriltmək idi. İslam coğrafiyasındakı türk krallarının dövlətləri içində bu məqsədi gerçəkləştirmək üçün siyasi zəmin olmadığından, Sasanlı-İranlı-Farslar bu ideyani sufi təriqət və təkkələrində, mədrəsə okullarında 8 əsrdən ta ki 16 əsrə qədər gizli Şüubiyyə-Şiə düşüncələri içində, gizli şəklidə nəsildən nəsilə ötürərək yaşatdılar. Şah İsmayılı da bu məqsədlə yetişdirdilər. Şah İsmayıl İslam içindəki  İmamət institunu əsas alaraq Fars-Türk  ittifaqı qurdu, bu ittifaqı  Xilafəti əsas alan    Ərəb-Türk ittifaqını qurmuş Qərb Türklərinə-Osmanlıya  qarşı qoydu. İslam dünyasını da, Türk dünyasını da böldü. Şah İsmayıl, Türk Səfəvilik- İranlılığı, Türk Osmanlı- Turanlılığı təmsil etdi. Orta çağda Türk-İslam mədəniyyəti ilə super güc olan Turan qarşısına bir İran çıxarıldı. Bu İranı quran, dirildən Türk sülaləsi olsa da arxa planda gizli Sasanlı-Şüubiyə hərəkatı və düşüncəsi ilə Vatikanın iş birliyi vardı.

Şah İsmailin Şiə ilkəsinin sonucunda -min il fətrət dönəminə girmiş Farslıq-İranlılıq-Sasanlılıq dirildi və Qacar-Türk sülalələri tərəfindən davam etdirildi,  Türk Qacarlar İngilislər tərəfindən devrildikdən sonra Farslıq Rza Şah Pəhləvinin simasında, İngiltərə imperiyasının dəstəkləri ilə Şah İsmailin imperiya məkanında, coğrafiyasında-İran platosunda aparıcı ilkə oldu. Farslıq-Sasanlılıq min il sonra yenidən  tarix səhnəsinə daxil oldu.

Azərbaycan Cümhuriyyəti bir tərəfdən türk millətçiliyinə əsaslanan,  Sasanlılıqdan qopmağa çalışan bir model, bir türk cəhdi idi. Mərkəz Türklərinin (Qafqaz, İran, İraq türkləri)  Qafqaz qolunun  İranlılığa-Sasanlılığa qarşı Türk dövlətçiliyini diriltməsi  idi. İrandan (İran şiə-Sasanlı zehniyyəti-türk Qacar sülaləsinin vəhdəti) qopmaq idi, Osmanlıya meyl etmək idi.  Əlbəttə  bunu başaran lider Rəsulzadə olmuşdu. Cümhuriyyət Osmanlı dəstəkləri ilə qurulmuşdu. Rəsulzadə praqmatizmi -ağılda, əməldə  Osmanlıya, ruhda İrana bağlı idi.

Bir tərəfdən də Rəsulzadə İran-Turan mədəniyyətlərinin vəhdətini dəstəkləyirdi. Özü şəxsən  hər iki mədəniyyətin ruhunu təmsil edirdi.

Nə olsun ki, Qacarlar Türk idi. Dünyagörüş və ideologiya baxımından Şah İsmailin qurduğu Səfəvi kültürünün yetişdirdiyi İranlı türk tip idi. Səfəvi ənənələrini davam etdirirdi. Türkün tarixində heç bir keyfiyyət dəyişikliyi etməmişdi. Dövləti türkləştirmək, Turanlılaşdırmaq əvəzinə, daha çox İranlılaştırmışdı.

İran platosu və onun uzantısı olan Azərbaycan geokültür baxımından  elə bir coğrafiyadır ki, tarixi və mədəni birikimlərindən dolayı  ya Turanlılaşmalıdır, ya İranlılaşmalıdır. Ya Alp Ər Tunqa olacaqsan ya da Kir, Dara.  Bu coğrafiyada dövlət qurub  hökm sürən çox türk xanədanları, dövlətləri Turanlılığa deyil, İranlılığa xidmət etmişlər. Yəni özü Turanlı-Türk olsa da, fikir və düşüncə baxımından  İran-Fars mədəniyyətinə yenilmişdir.

Rəsulzadə bunu bilirdi, yazırdı, lakin  nə İran mədəniyyətinin yenilgisini, nə Turan mədəniyyətinin yenilgisini istəməmişdir. Hər iki mədəniyyəti bilirdi və aşiqdi.

10 əsrdən başlayaraq İran platosunda min illik türk dövlət tarixi ilə 7 -ci əsrdə ərəblər tərəfindən varlığına son verilmiş,  türklər tərəfindən isə yenidən dirildilmiş  Sasanlı ənənələri qoşa şəkildə birlikdə yaşamışlar və bu iki dəyəri-dualizmi  təmsil edən    yeni bir mələz insan tipi yetişmişdir-İranlı türk tipi.İran dediyin təkcə coğrafi məkan deyildir, bir fars mədəniyyət biçimidir, dəyərlər toplusudur, öz fəlsəfi -dini görüşləri olan sistemdir.

İranlı insan tipi-Sasanlı, Fars ənənələri ilə -Türk ənənələrinin sintezindən doğulmuş, etnik kökəncə türk, ideologiya, kültür və dünyagörüşcə fars olan, İran -fars ənənələrini və Fars siyasi  vətən anlayışını-İranı mənimsəyən, sahib çıxan  insan-qısaca farslaşmış Türk.

Rəsulzadə  Siyasi həyatında İranlılığa qarşı-Türklüyü, Azərbaycan  Cümhuriyyətini yaratdı. Bu doğrudur. Lakin bu cümhuriyyətin İran-Turan mədəniyyətlərinin sintezindən doğulmuş meyvə olduğunu da etiraf etdi.

Əsrimizin Siyavuşu əsəri ilə ruh və düşüncə, kültür baxımından bu Türk-Azərbaycan Cümhuriyyətinin İranla -Turanın sintezi olduğunu təsdiq etdi.

İlgincdir ki, Tarix içində  Turana kəskin dönüş, kəskin keçiş edə bilmədi. Sadəcə irəliyə, Turana doğru  bir addım atdı. Bu addım nə idi? Şah İsmayıldan-Səfəvidən-Cümhuriyyətə qədərki zamanda atılan bir addım İranlılıqdan-Turanlılığa keçişin sadəcə bir cəhdimi idi?

Türklər Fateh Millətdir. Lakin fəth etdikləri coğrafiyaları Türkləştirmək əvəzinə, o coğrafiyaların mədəniyyətləri ilə sintezə girərək fateh olduqları halda yenilmişlər,  ərimişlər, şəkil dəyiştirmişlər.

Osmanlılar, Məmlüklər, İşxidilər, Tolunoğulları, Əyyubilər  Ərəb yarımadasına doğru yayıldığı üçün Ərəb mədəniyyəti ilə,

Sakalar, Kuşanlar, Ağ Hunlar, Qəznəlilər, Baburlar bu günkü Əfqanıstan, Pakistan, Hindistan coğrafiyalarına doğru yayıldıqları üçün Hind mədəniyyəti ilə,

İskitlər, Səlçuklular, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Avşar və Qacarlar İran adlanan platoda yayıldıqları üçün Fars-Sasanlı mədəniyyəti ilə,

Tabğaclar, Hunlar, Göytürklər, Çengiz imperiyası Çinə doğru yayıldıqları üçün Çin mədəniyyəti ilə,

Humlar, Fin Oqurlar, Macarlar Avropa-Germanlarla,

Bulqarlar, Xəzərlər, Tatarların Qızıl Ordası Slavyan -Rus mədəniyyəti ilə qarşılıqlı etkiləşim  dövrünə girdikdən sonra tarix içində əriyib yox olmuşlar. Bu coğrafiyalarda Türk mədəniyyəti və dövlətləri öncə şahlanmış, sonra ölmüşdür. Türk milləti yayıldıqları coğrafiyalarda yox olmuşlar. Farklı Mədəniyyətlər içində ərimişlər. Fateh olduqları halda əridilmişlər. Tarix göstərir ki, fəth etmək bir başarıdırsa,  qalib millət, qalib mədəniyyət olaraq farklı mədəniyyətlər içində əriməmək, mənliyini kayb etməmək də başarının ikinci yoludur.  Türklər fatehlikdə başarılı, mənliyini və mədəniyyətini, dilini qorumaq, yaymaq və qəbul etdirməkdə başarısız mullətdir.

Türklər tarixin fırtınaları içində, çinliləşməkdən, hindliləşməkdən, Yunanlılaşmaqdan, Ruslaşmaqdan,  Avropalaşmaqdan özlərini qorumağı başarmışlarsa da, İranlılaşmaqdan özünü qorumağı başarmamışlar.

Mərkəz Türklərinin İran Platosuna yayılmış hissəsi tarix içində bifurkasiya prosesi keçirmiş,  bu gün qarşımıza  iki insan tipi, iki kimlik tipi çıxarmışdır.

İranı özünə vətən bilən, İran coğrafiyasını, tarixini, mədəniyyətini Türklə özdəşləştirən, İranı Türk kimi qavrayan, Turanın bir parçası bilən İranlı Türk. Tehranı mərkəz təsəvvür edən türk. İran coğrafiyasını bir bütün olaraq qavrayan və hər parçası üçün canını fəda edən türk. İran Türkü.

İranı Farsla özdəşləştirən, İranı Fars hesab edən, Azərbaycan coğrafiyasını  vətən kimi qavrayan, Azərbaycanı Türklüklə özdəşləştirən, Fars İran qavramına qarşı Türk Azərbaycan qavramını gəliştirən, Azərbaycanın İrandan ayrlmasını dəstəkləyən Azərbaycanlı Türk kimliyi, görüşü, insan tipi. Təbriz mərkəzli siyasi, mədəni dünyagörüş.

Mərkəz Türklərinin XX əsrdəki mübarizəsi  İranlılıq, Azərbaycanlılıq, İraqlılıq coğrafiya mərkəzli siyasi hərəkatların  ötəsinə keçməmişdir. Millət və mədəniyyət savaşlarına deyil, coğrafiya savaşlarını mərkəzə almışlar.

Əlbəttə bütün İrana, Azərbaycana, İraqa sahib olmaq mümkündür. İranda Türk dövlətini yenidən bərpa etmək də mümkündür. Lakin Fars-Sasanlı dəyərlərindən və dünyagörüşündən sıyrılıb çıxmadıqca bu dövlətin nə anlamı var ki. Bu dövlətlərin tarixi misyonu Səfəvilikdən ötəyə keçməyəcək ki.

Səfəvilik- İran-Turan mədəniyyətinin sintezini həyata keçirib yeni İranlı İnsan tipi yaradan müəzzəm bir institutdu. İran platosunda qurulacaq yeni türk dövləti bu misyonumu həyata keçirəcək?

Mərkəz Türkləri içində Şah İsmayıl İran-Turan mədəniyyət sistemlərini sintez etdirdi.

Nadir Şah Avşar İran-Fars Mədəniyyət sistemindən Turan mədəniyyət sisteminə keçiş etməyə cəhd etdi.

M. F. Axundov Fars-Sasanlı-İran mədəniyyət sisteminin təmsilçisi kimi düşüncə ürətdi.

Fars Sasanlı mədəniyyət sistemindən  sıyrılıb çıxmış tək insan, düşünür Əhməd Ağaoğludur.

İran-Fars sisteminin içinə girməyən, əsla bulaşmayan  tək insan, düşünür Əli Bəy Hüseynzadədir.

M.Ə.Rəsulzadə İran-Fars sistemindən qopmağı deyil, İran -Turan mədəniyyətlərinin sintezini irəli sürdü, sanki Səfəviliyə qayıtdı.

Nə İranı atdı,  nə Turana sahiblənmək fürsəti buldu. Bu doğrudur ki, Azərbaycan şairi Nizamini Fars -Sasanlı mədəniyyət sisteminin əlindən almağa çalışdı.Lakin nə etsin  ki,  Nizami türkdür, lakin fars şairidir. Firdovsinin Şahnaməsindən sonra məhz Türk Nizami Sasanlı taxt-tacını, kral obrazını dirildərək İran -Fars dövlətçilik ideologiyasını dirçəltdi. Ölməyə qoymadı. Bəlkə də Ərəblər Sasanlını-İran ideyasını tarixə gömmüşdülər, lakin İran ideyasını dirildən farslardan çox, məhz türklər olmuşdur.  İran ideyası Türkün qələmində dirilmiş,  qılıncı ilə  gerçəkləşmişdir. Dedim axl, Mərkəz Türkləri Turanlılığa deyil, İranlılığa xidmət etmişlər. İran-Fars mədəniyyət sistemi içində itib batmışlar…

İranla -Turan arasında, Qərblə-Şərq arasında, Kapitaluzmlə-Sosializm arasında çırpınan,Çar Rusiyasına və kommunist Rus imperiyasına qarşı savaşan, Avropa modernizminin şərqli, türk-müsəlman çocuğu Rəsulzadəm.

Fikirlərini tənqid edə bilərəm əlbəttə, lakin böyük əməllərini, faciəli, lakin şərəfli həyatını bağrıma basıram, səni ürəyimdə daşıyıram. Bilmirəm niyə? Ürəyimdən, vicdanımdan  süzülən iki damla göz yaşısan. Adın çəkilərkən göz yaşlarımı tuta bilmirəm.

Lakin Mən Siyavuş deyiləm, olmayacam, Alp Ər Tonqayam, Ərcaspam, Tomrisəm Rəsulzadəm.

İran-Turan mədəniyyət sistemlərinin  sərhədləri kəskin qılınc kimidir. Sənin tarixin, həyatın O kəskin Qılıncın üzərində rəqs etmək idi.

Mənim tarixim isə İranı Turanın sərhədləri içinə qatmaq, Turanlılaştırmaq,  Turanın sınırlarını yenidən çizməkdir. Mən Şəms Təbrizi kimi fars Molla Cəlaləddin Ruminin ruhunu və zəkasını nurlandıraram əlbəttə, lakin əsla səhrada qeyb olmaram, İranı Turan edəcəyəm,  Turanda yenidən öz külümdən közərəcəyəm…

Yasəmən  Qaraqoyunlu

Mənbə

Share: