İranda koronavirusla mübarizədə həlak olanlara şəhid statusu verilib

İranda koronavirusa yoluxanlar arasında vəzifəli şəxslərin sayı da artmaqda davam edir.

İranın Əl İşləri Sənayesi, Mədəni İrs və Turizm naziri Əli Əsgər Munisan, həmçinin Ticarət və Sənaye naziri Rza Rəhmani də virusa yoluxaraq karantinə alınıblar. Onlardan başqa, İranın Ali Rəhbəri Administrasiyasının yüksəkvəzifəli əməkdaşı Məhəmməd Cavad İrəvani də virusa yoluxanlar arasındadır.

Qeyd edək ki, İran parlamentinin 8 üzvü virusa yoluxub və onlardan ikisi həyatını itirib.

Xatırladaq ki, daha əvvəl İranın vitse-prezidentləri İshaq Cahangiri və Mənsumə Ebtikar da virusa yoluxublar. Onların müalicəsi davam edir. Hazırda İranın dövlət idarələrində hər gün dezinfeksiya işləri həyata keçirilir.

Martın 11-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Ramazan Şərif açıqlama verərək bildirib ki, qurumun koronavirusla mübarizədə fəal iştirak edən 5 üzvü həlak olub.

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi virusla mübarizə zamanı həlak olan həkimlərə və SEPAH üzvlərinə şəhid statusunun verilməsi haqqında sərəncam imzalayıb./azərtac

Share: