İrandakı iğtişaşlar orta məktəblərə keçib…

“Əgər birləşməsək, onlar bizi bir-birimizin ardınca öldürəcəklər…”

 

“Məktəbli qızlar təkcə hicablarını çıxarıb atmır, həm də siyasi şüarlar səsləndirir…”

 

Qızlar hicablarını çıxarıb atır və ucadan “Diktarora ölüm!” şüarı səsləndirir…

 

İranda hicab əleyhinə etirazlar səngimir. Son günlər orta məktəblərin qız şagirdləri etirazçılara qoşulub. Onlar nəinki hicablarını çıxarıb atır, həm də siyasi şüarları dəstəkləyir.

 

Moderator.az xəbər verir ki, bu barədə oktyabrın 5-də İranın müxalif KİV-ləri və sosial şəbəkələrə istinadən BBC saytı məlumat verib.

 

“Twitter”də yerləşdirilən videoçarxlarda Tehran ətrafındakı Kərəc şəhərində qizların təhsil sistemi işçisini məktəbdən qovduğu əks edilib.

 

Onların “Ar olsun!” qışqırdıqları və boş su şüşələrini kişinin üzərinə atdığı görünür.

 

Kərəcdən olan başqa bir videoda məktəblilərin ucadan səsi eşidilir: “Əgər birləşməsək, onlar bizi bir-birimizin ardınca öldürəcək!”.

 

Bazar ertəsi Şirazda onlarla məktəbli qızlar əsas magistral yolu bağlayaraq, dəsmallarını yelləyərək, “Diktatora ölüm!” şüarları səsləndiriblər.

 

Məktəbli qızların etirazları barədə həmçinin Tehranda, Sakez və Cənəndəc şəhərlərində məlumat verilib.

 

Bəzi məktəbli qızlar ayətüllah Xomeyninin portretləri altında ədəbsisəz jestlər etməklərini lentə almağa razı olub.

 

Ayətüllah Əli Xameneinin sükutu pozaraq iğtişaşların təşkilində “İranın qəddar düşmənləri” ABŞ və İsraili ittiham etməsindən bir neçə saat sonra məktəbli qızlar erirazçılara qoşulub.

 

O, təhlükəsizlik qüvvələrinə tam dəstək verib və onlara daha sərt davranmağa çağırış edib.

 

Qeyd edək ki, etiraz aksiyaları və iğtişaşlar nəticəsində 195 nəfər həlak olub.

Mənbə

Share: