Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən tənzimlənir. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən Millətin Səsi.az-a bildirilib ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir.
Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əməkhaqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əməkhaqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əməkhaqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.