Pandemiyaya tam qalib gəlmək üçün bu qədər vaksin lazımdır – Baş katib açıqladı

Milletinsesi.az Dünya əhalisinin 70 faizini koronavirusa qarşı peyvənd etmək və beləliklə də pandemiyaya və ya ən azı onun kritik mərhələsinə son qoymaq üçün əlavə 11 milyard doza vaksin tələb olunur.

BMT-nin xəbərlər xidməti xəbər yayıb ki, bu barədə BMT-nin rəhbəri Antonio Quterreş COVID-19 əleyhinə vaksinlər sahəsində əməkdaşlıq üzrə Çinin təşkil etdiyi Beynəlxalq Forumda bildirib.

“Vaksinlərin istehsalını ən azı iki dəfə artırmaq və COVAX mexanizmi bazasında onların ədalətli paylanmasını təmin etmək üçün Qlobal Vaksinasiya Planına ehtiyacı var. Həmçinin həmin planın həyata keçirilməsini əlaqələndirəcək G20 səviyyəsində Fövqəladə Məqsəd Qrupuna da ehtiyacımız var”, – deyə Baş katib vurğulayıb.

O bildirib ki, planetin sakinlərinin əksəriyyətinin vaksinasiyası ictimai səhiyyə tarixində ən böyük əməliyyatdır. Bu sadəcə ədalət məsələsi deyil. Kütləvi immunitet, eyni zamanda, hazırda mövcud olan vaksinlərə davamlı ola biləcək və əhalinin immunizasiyası üzrə səylərə xələl gətirə biləcək virusun yeni variantlarının ortaya çıxmasının qarşısını almağa imkan verəcək.

“Mən Sinopharm və Sinovac şirkətlərinin COVAX təşəbbüsü ilə imzaladığı müqavilələri alqışlayıram. Bu müqavilələr 500 milyondan çox doza vaksinin tədarükünü təmin etməyə imkan verəcək”, – deyə Antonio Quterres bildirib.

O, vaksin istehsalının artırılmasının, texnologiya və elmi bilik mübadiləsi də daxil olmaqla, daha fəal beynəlxalq əməkdaşlıq tələb etdiyini vurğulayıb.

“Bu, COVID-19 əleyhinə vaksinlər sahəsində əməkdaşlıq üzrə Beynəlxalq Forumunun ilk iclasıdır – bu sahədə qlobal əməkdaşlığı gücləndirmək üçün vaksin istehsalı üzrə böyük gücə malik olan ölkələri, əczaçı şirkətləri və istehsalçıları bir araya gətirmək üçün bir fürsətdir”, – deyə Baş katib bildirib.

“Dövrümüzün ən aktual problemi olan – inkişaf etməkdə olan ölkələr üçün peyvəndlərə ədalətli çıxış məsələnin həllində liderlik etdiyi üçün Çin hökumətinə təşəkkür edirəm”, – deyə o əlavə edib.

xezerxeber.az

Share: