İsraildəki ilk səfirimiz etimadnaməsini prezidentə təqdim edə bilmədi

Azərbaycanın İsraildəki ilk səfirinin etimadnaməsinin təqdimat mərasimi təxirə salınıb.

 

Modern.az xəbər verir ki, buna səbəb kimi İsraildə hökumət əleyhinə nümayişlərin olması göstərilir.

 

Məlumata görə, səfir Muxtar Məmmədov etimadnaməsini bu gün Prezident İsaak Hersoqa Qüdsdəki prezident iqamətgahında təqdim etməli idi. Amma hökumət əleyhinə etiraz aksiyaları nəticəsində bir neçə səfirin Prezidentlə görüşü təxirə salınıb. 

 

İsrail mətbuatı yeni səfirlərin etimadnamələrinin təqdimat mərasiminin ləğv olunduğunu yazıb, lakin söhbətin hansı ölkələrin diplomatlarında getməsi barədə məlumat verilməyib. 

 

Təxirə salınan tədbirin nə vaxt keçiriləcəyi də hələlik açıqlanmayıb.  

 

Modern.az-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti ilə əlaqə saxlayıb. XİN-dən bildirilib ki, onlarda bununla bağlı hər hansı məlumat yoxdur.

 

Qeyd edək ki, ötən həftə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsinin surətini İsrail Xarici İşlər Nazirliyinin (XİN) Protokol şöbəsinin rəisi Gil Haskelə təqdim edib.  

 

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Fevralın 28-də isə Muxtar Məmmədov İsrailə səfər edib.  

Mənbə

Share: