İTV -nin qalmaqallı çarxındakı müəllimə: “Ssenari belə olsaydı çəkilməzdim”

İctimai televiziyanın efirində yayımlanan və son günlər sosial şəbəkələrdə “sosial çarx” adı ilə kimi paylaşılan görüntülər “Gündəlik” serialındandır. Paylaşılan həmin görüntüdə bir çoxları idda edir ki, müəllim jurnalisti təhqir edir. Ekran işində müəllim obrazını canlandıran aktrisa, Akademik Musiqili Teatrın balet artisti İrana Kərimova həmin görüntülərlə bağlı Moderator.az-a özəl açıqlama verib.

 

“Bu görüntülər sosial çarx deyil. İctimai televiziyada yayımlanan “Gündəlik” serialındandır. 20 bölümdən ibarətdir. Hər bölümdə də cəmiyyətə maarifləndirici bir mesaj ötürülür. Artıq 9 bölümü efirə gedib. Sözügedən görüntülər birinci bölümdəndir. Serialın sırf bu hissəsi paylaşılıb deyə hamı elə bilir ki, sosial çarxdır. Burada heç bir təhqiredici nüansdan söhbət gedə bilməz. Bundan əvvəlki səhnəyə baxmayanlar üçün deyim ki, həmin jurnalist məktəbdə uşaqlar arasında baş vermiş davanı şişirtməyə, qabartmağa başlayır. Çalışır ki, bu məsələni çəkib paylaşsın. Əlbəttə ki, bu əsl jurnalist deyil. Cəmiyyətdəki çatışmazlıqları kobud şəkildə insanlara, xalqa çatdıran, yalandan hay-küy salan, lazımsız reytinqə çalışan jurnalistdir. Biz yaradıcı heyət olaraq bu “jurnalist” obrazına gülürük. Bu əslində jurnalist də deyil. Özünü jurnalist adı ilə qələmə verən dələduzdur. Ofisdə çalışır, müxtəlif yollarla özü üçün iş tapıb. Bütün bunları bilmək üçün bölümləri tam olaraq izləmək lazımdır. Elə birinci bölüm izlənilsə hər şey aydın olar” deyə aktrisa bildirib.

 

Aktrisa bildirib ki, əgər ssenaridə jurnalistləri təhqir etmək kimi bir söz olsaydı qətiyyən bu təklifi qəbul etməzdi.

 

“Mənim canlandırdığım Dilarə müəllim obrazı həmin dəqiqə anlayır ki, bu şəxs necə “jurnalist” dir. Reytinq xatirinə hər şeyi edəcəyini də bilir. Dilarə müəllim obrazı uşaqları da, peşəsini müqəddəs hesab etdiyindən bu cür hallara yol vermək istəmir. Sadəcə dırnaqarası “jurnalist” ə öz etirazını edir. Bir növ həm də uşaqları qoruyur. Burada heç bir jurnalisti təhqir etmirik, heç kimin qüruruna toxunmuruq. Əksinə, bu bir ironiyadır. Bu cür insanlara gülürük. Əsl peşəsinə, prinsiplərinə sadiq olan jurnalistlərə əlbəttə ki, bu cür sözləri ünvanlamaq bizim tərəfdən ayıb olardı. Əgər elə bir ssenari olsaydı razılaşıb çəkilməzdim də. Mən balet artistiyəm. Sabah kimsə balet artistlərini təhqiredici film yaxud video rolik çəksə üzülərəm, pis olaram. Təbii ki, bu mənim qüruruma toxunar. Eyni şeyi kiminsə peşəsinə qarşı da edə bilmərəm. İnsanlar əsəbidirlər, hər şeydən bir məna çıxarmağa çalışırlar. Məni üzən bilirsiniz nədir? Bu sadəcə sosial şəbəkələrdə paylaşılan bir hissədir. Heç kim araşdırmır ki, bu nədir? Açıb bir bölümü izləmirlər də. Yetəri qədər peşəkar jurnalistlər də var ki, öz sosial şəbəkə platformalarında bunu paylaşıblar. Biz kitabı ortasından oxumağa başlayıb, sonra fikir bildirə bilmərik axı. Başdan sona kimi oxuyuruq, bir fikir formalaşdırıb onu sonradan bildiririk. Girib bir baxıb görsünlər ki, bu müəllim qız jurnalistlə niyə görə belə danışır?! Təhqir yazanlar da var. İnsanlarda bu əsəb, hirs, heç kimi sevməmək duyğusu hardan gəlir? Həqiqətən də çox qəribədir” deyə aktrisa bildirib.

 

Qeyd edək ki, “Gündəlik” serialı həftəiçi 5 gün 21:00-da İctimai televiziyada efirə gedir. Təkrarı isə həftəiçi 5 gün 17:30-da yayımlanır. Ekran işinin rejissoru Pərviz Həsənovdur.

 

Mənbə

Share: