Elşad EYVAZLI
!!! Kəlbəcərə gedirsən !!!
Qəribədi, elə ki, Toğanalı kəndini keçdin, Murov dağına doğru istiqamət aldın, Kəlbəcəri hiss etməyə başlayırsan, böyür-başından keçən meh, sifətini yalayan külək Kəlbəcərin qoxusunı gətirir sənə… Bir az da irəliləyirsən, o meh, o külək sənə bu dəfə Kəlbəcərin səsini çatdırır.
!!! Kəlbəcərə gedirsən !!!
Həyəcandan az qala, ürəyin ağzından çıxacaq, dizin titrəyir…
Təzada bax, bu ürək döyüntüləri içində ovqatın təzələnir, ruhun sevinir, nəfəsin genişlənir, içində Kəlbəcərlə danışmağa başlayırsan.
Bu nə sehirdi?
Bilmirsən…
!!! Kəlbəcərə gedirsən !!!
Bildiyin odur ki, Kəlbəcər yalnız dağ, daş, meşə, çay, bulaq, torpaq, Ata Yurdun, böyüdüyün, uşaqlıq illərinin keçdiyi məkan deyil, canlı bir VARLIQDI. O sənin içindədi, sən onun içindəsən.
Onunla görüşə gedirsən; həyəcanlı, sevincli, hövlank… Onunla danışacaqsan, onu dinləyəcəksən, onu qucaqlayacaqsan, o səni qucaqlayacaq…
Bu qarışıq hislər içində dəqiq anladığın tək odur ki, xoşbəxtsən, bəxtəvərsən, sənin üçün dünyada əvəzsiz bir varlıqla görüşəcəksən…
Hikmətə bax, Allah, Allah!
Kəlbəcər sevgi ünvanıdı. Min dəfə ard-arda onun görüşünə getsən, doymazsan. Eləcə, getmək istəyirsən, çünki Kəlbəcəri sevirsən.
Kəlbəcər sevgisinin yuxusundan ilk Ömər aşırımında ayılırsan…
Bütün dünya ayağının altındadır. Sanki bütün dünya Kəlbəcərdi, bütün dünya Kəlbəcərdədi…
Səndən aşağıda külək bulud topalarını ora-bura qovur, sənə yol açmaq istəyir, di gəl ki, buludlar əl çəkmir…
Bir anda buludlar yox olur, sonra yenə gəlir, külək yenə qovur… Bir anda hava gah qaralır, gah açılır…
Bir az aşağıda, göydə süzən qartallar qıy çəkir…
Kəlbəcər buludlar ayağının altında qaldığı yerdən başlayır…
!!! Kəlbəcərə gedirsən !!!