Kasıb padişahı necə aldadır? -Rəvayət

Bir padişah olur, hər şeyə sahiblənir və Xızır peyğəmbəri görmək istəyir.
Vəzirləri (baş vəzir, vəzir, kiçik vəzir)yığıb deyir ki, mənə Xızır peyğəmbəri tapın.

Vəzirləri:

-Padişah sağ olsun, Xızır peyğəmbər heç kimin gözünə durub-dururkən  görünən deyil.

Padişah :

-Mən bilmirəm, harda var, onu mənə tapın.

Vəzirlər görür ki, vəziyyət pisdir, kiminsə başı gedəcək: hay-hay, padişah sağ olsun, taparıq.

O vaxt da telefon yox, poçt yox..Vəzirlər nağara götürüb danqıldada-danqıldada, küçə-küçə düşüb qışqırırlar; dambadurum-dambadurum , ey ehali, duyduq-duymadıq deməyin, padişah Xızır peyğəmbəri görmək istəyir. Kim Xızır peyğəmbəri tapsa, nə  diləyi varsa, yerinə yetiriləcək..

Uzaq məmləkətdə bir kasıb yaşayırmış; heç vaxt nə özü, nə ailəsi qarındolusu yemək görməyiblər.Vəzirlər bunun evinin qabağından keçəndə həmin kasıb elanı eşidir. Fikirləşir ki, bu təklifdən istifadə etsin. Desin ki, iki aya Xızır peyğəmbəri taparam və bu müddətdə şah nə yeyirsə, onun ailəsinə də versinlər. Heç olmasa iki ay adam kimi yaşasın və belə də edir. Vəzirlər qabağına çıxıb deyir ki, mən iki aya Xızır peyğəmbəri taparam və təklifini deyir. Vəzirlər həmən razılaşır.

Iki ay kişi də,  ailəsi də padişahın göndərdiyi qidalardan və paylardan istifadə edərək kef edir. Vaxt tamam olur, vəzirlər iki atla(biri kişinin, biri də Xızır peyğəmbərin) gəlib kişinin qapısına dirənirlər.

Vəzir:

-Ay kişi, peyğəmbər hanı?

Kişi:

-Məni padişahın yanına aparın, bu padişahla mənim aramda..
Vəzirlər də məcbur kişini padişahın yanına aparırlar..

Şah vəzirlər içəri girəndə əsəbləşir:

– Peyğəmbər hanı?

Kasıb tez şahın ayaqlarının altına yıxılır və yalvarır:

“Mən etdim, siz etməyin. Uşaqlarım ac idi. Heç olmasa, ömrümüzdə iki ay qarın dolusu çörək yesinlər istədim. Pis niyyətim olmayıb”.

Şah vəzirlərdən soruşdu:

-Buna hansı cəzanı verək?

Baş vəzir:

Şah sağ olsun, boynu vurulusun, tikələrə doğransın və hər tikəsi meydanlarda sancılsın ki, şahın aldatmağın cəzasının nə olduğunu hər kəs görsün. Görsün ki, bir də kimsə uca  şahımızı  aldatmağa cürət etməsin. Bu zaman arxa tərəfdən biri məclisə daxil olub “əsli-əslinə, nəsli-nəslinə, huuu”, deyərək geri çəkilir.

Padişah ikinci vəzirdən soruşur:

-Sən hansı tədbirin görülməsini istəyirsən?

Ikinci vəzir:

– Padişahımız sağ olsun. Daha sərt cəza verməliyik ki, sizi aldatmaq heç kimin ağlından belə keçməsin; boynu vurulsun, tikələrə ayrılsın, hər tikəsi döyülsün,  xırda hissələri daha çox yerlərə yaxılsın. Yenə də arxadan kimsə çıxır  məclisə daxil olub “əsli-əslinə, nəsli-nəslinə, huuu”, deyərək geri çəkilir.

Padişah üçüncü vəzirdən soruşur:

-Sən nə məsləhət görürsən?

– Padişah sağ olsun! Siz adil padişahsız, o isə cahil rəiyyət. Etdiyi əmələ peşmandır və onu ailəsinin dolanışı üçün edib. Rəiyyətin ac olmasında bizim də günahımız var. Bağışlayın və bütün əhaliyə də bildirilsin. Bildirilsin ki, sizin necə rəhmkar və adil padişah olmağınızı hər kəs bilsin. Yenə də arxadan həmin şəxs  çıxır  məclisə daxil olub “əsli-əslinə, nəsli-nəslinə, huuu”, deyərək geri çəkilir.

Padişah vəzirlərə:

Hələ siz dayanın görüm, bu kimdir? Bura necə gəlib?

-Ixtiyar, siz kimsiz, sizi bura kim buraxıb?

Ixtiyar:

Ilk olaraq bilməlisiniz ki, , vəzirləriniz kimdir. Sonra kim olduğumu deyəcəm.

Padişah :

-Söylə.

Ixtiyar: Baş vəzirin atası qəssab olub, qərarı qəssab kimi verdi. Ikinci vəzirin atası aşpaz olub, qərarı aşpaz kimi, üçüncünün atası isə adil vəzir olub, qərarı da ədalətli verdi. Mən isə Xızır peyğəmbərəm..Allah məni göndərdi ki, həm o kasıbın canını qurtarım, həm vəzirlərin yerini dəyişim ki, rəiyyət xoş-firavan yaşasın.

 

Şahın arzusu çin olur. Xızır peyğəmbəri də görür.  Xızır peyğəmbərin dediyini də eləyir.  Üçüncü vəziri baş vəzir, aşpazın oğlunu baş aşpaz, qəssabın oğlunu baş çoban təyin edir və rəiyyət xoş güzəranına qovuşur.

P.S. Bizdə isə əsas yerlərdə olanların əksəriyyəti qəssabdır, dəyişiklik olanda da daha pis qəssab gəlir. Ona görə də həyatından bezən insanlar intihara əl atır. Allah prezidentimizin yanına Xızır peyğəmbəri tez yollasın. Yollasın ki, qəssabların sonu gəlsin!

Share: