Kirayə evlərin satışı baş tutmadı – Sayt çökdü

Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb. Nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Məlumata görə, hazırda Fond aidiyyəti təşkilatlarla birlikdə elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.

“Bildirmək istərdik ki, qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara Fond tərəfindən əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.

 

Share: