KTMT-nin toplantısı ərəfəsi ABŞ generalının İrəvana mübhəm səfəri…

Birləşmiş Ştatların Avropa Komandanlığının Strategiya, Planlaşdırma və Siyasət üzrə direktoru general-mayor Daniel Lasikinin Putini “qabaqlamasının” səbəbləri…

Birləşmiş Ştatların Avropa Komandanlığının Strategiya, Planlaşdırma və Siyasət üzrə direktoru general-mayor Daniel Lasiki İrəvana iki günlük səfərə gəlib. Qeyd edək ki, səfərdən bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə növbəti dəfə telefon danışığı aparıb. Yada salaq ki, sentyabr ayı ərzində ardıcıl olaraq Ermənistanın müdafiə naziri Suren Papikyanın, xarici işlər naziri Ararat Mirzoyanın, Baş nazir Nikol Paşinyanın, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfərləri danışıqlar masasında konkret təkliflərin olduğunu göstərir. ABŞ Ermənistanın KTMT-yə üzvlüyü ABŞ-ın hərbi yardımına bir çox məhdudiyyətlər qoyduğunu bəyan edir. Bu açıqlamalar ABŞ-ın “sizə silah satmasını istəyirsinizsə, KTMT-dən çıxın və təhlükəsizliyinizi təmin edəcəyik” anlamına gəlir. Düzdür, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana avqust ayında etdiyi səfərində “KTMT-dən çıxarsa, ABŞ təhlükəsizliyinə qarantiya verə bilərmi” sualına birmənalı cavab verməkdən yayınıb. Amerikanın Ermənistan üzərindən qurduğu plan məxfi deyil. Ermənistanı Rusiyaya qarşı “İkinci Ukrayna” etmək istəyirlər. KTMT-yə üzv ölkələrin liderləri noyabrın 23-də Ermənistana toplaşacaqlar. Bu toplantı ərəfəsi ABŞ generalının İrəvana səfəri əlbəttə ki, diqqət çəkir.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bütün proqnozlar iflasa uğradı!

Kamran Məmmədli

AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Kamran Məmmədli bu səfərdən ciddi nəticələrin əldə olunacağına inanmır: “Düşünürəm ki, artıq ABŞ rəsmi İrəvanın neçə müddətdir ki, ikili oyunlarından bezib. Brüsseldə bir Paşinyan, Soçidə başqa Paşinyan obrazı Qərbi heç cür qane etmir. Erməni baş nazirin Soçidə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təklifi və Putinin çətiri altına girməsi ABŞ-ın diqqətindən yayınmayıb. Son günlərdə Blinkenin tvitterdə Paşinyana üstüörtülü mesaj verməsi də ABŞ-ın səbrinin artıq tükəndiyinə işarədir. Fikrimcə, bu səfərin əsas məqsədlərindən biri rəsmi İrəvanı ikili oyunlardan əl çəkməyə vadar etmək olacaq. Ancaq qorxaq və qətiyyətli mövqe bildirməyə çəkinən erməni xislətini nəzərə alsaq, düşünmürəm ki, bu səfərdən də ciddi nəticə əldə olunsun. Hesab edirəm ki, yaxında bölgədə yenidən gərginlik artacaq. Hətta “Qisas” əməliyyatının təkrarlanacağı ehtimalı da yüksəkdir. Hər bir halda ermənilərin Qərbə və ya Rusiyaya doğru getməsindən asılı olmayaraq biz öz müstəqil siyasətimizi davam etdirərək dövlətimizin maraqlarına uyğun sülh sazişinin imzalanmasına nail olmalıyıq”.

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı ABŞ-ın əsas hədəfini açıqladı: “Amerika bütün imkanları ilə çalışır ki, Putinin yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dağılsın, parçalansın. İlk növbədə ABŞ bu məsələdə Ermənistandan istifadə etmək istəyir. Paşinyanın Sorosun dəstəyi ilə Ermənistanda hakimiyyətə gəlməsi heç kimə sirr deyil. O, daha çox Qərbin adamı kimi qəbul edilir. Bu gün ABŞ-ın Ermənistanda olan səfirliyində 2000 işçi saxlaması və dövlət nümayəndələrinin tez-tez Ermənistana səfər etməsi də təsadüfi deyil. Artıq səfirlik ABŞ-ın Avropa Komandanlığının Strategiya, Planlaşdırma və Siyasət üzrə direktoru general Daniel Lasikinin İrəvana gəlməsi ilə bağlı mətbauta açıqlama verib. Səfər çərçivəsində Ermənistanın müdafiə naziri və digər şəxslərlə görüşlərin keçirilməsi də bilərəkdəndir. Paşinyanın dövlət katibi Entoni Blinkenlə telefon danışığı baş tutub. Bilirsiniz ki, bu ay KTMT-nin Ermənistanda iclası keçiriləcək və iclasa Putinin qatılacağı bəyan edilib. Amerika bütün gücü ilə Ermənistanın yanında olduğunu nümayiş etdirir. Ermənistandan öncə Amerika Qazaxıstan üzərində müəyyən planları qurdu ki, bu dövləti KTMT-dən uzaqlaşdırsın. Orada baş verənlərdə Amerikanın əlinin olması heç kimdə şübhə doğurmur. Putin Qazaxıstanı qan bahasına həll etdi. Yüzlərlə şəxs qətlə yetirildi, minlərlə fəal həbs olundu və məqsədli şəkildə KTMT qoşunlarını ora yerləşdirdi. Bir daha qeyd etmək istəyirəm ki, ABŞ Ermənistan cəmiyyətini arxayın salmaq istəyir ki, Rusiyanın sizə heç bir dəstəyi olmur və əvəzində Amerika bütün imkanları, o cümlədən hərbi yardım göstərməsi üçün Konqresə də müraciət edib. Əslində Amerika Rusiyanı Ermənistanın təhlükəsizliyini qoruya bilməmək görüntüsünü təqdim edir. Və bu dəfə Amerika Ermənistanı Rusiyanın hədəfinə gətirmək istəyir, Ukraynanı etdiyi kimi. Əsas hədəf nəyin bahasına olursa-olsun KTMT dağılmasının əsasını qoymaqdır. Bunu da Ermənistanın vasitəsilə həyata keçirməkdir”.

Görüş yerini dəyişmək olmaz - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə çox vacib məqamlara aydınlıq gətirdi: “Məlum olduğu kimi, hazırda Cənubi Qafqazda Rusiya, ABŞ və Avropa İttifaqı (Aİ) arasında mübarizə gedir. Onlar regiondakı mövcudluqlarını gücləndirmək istəyirlər. Bunun üçün isə Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması tendensiyasından istifadə edirlər. İkinci Qarabağ müharibəsinə kimi həmin güclər regiondakı konfliktin davam etməsində maraqlı idilər. Lakin Azərbaycan Ordusu məsələni həll etdi. Odur ki, Rusiya, ABŞ və Aİ- ni indi daha çox maraqlandıran tərəflər arasında yekun sülh müqaviləsinin onların öz moderatorluqları ilə imzalanmasıdır. Həm Moskva, həm Vaşinqton, həm də Brüssel reallıqları anlayır və Bakının gücü ilə hesablaşırlar. Onlar bilirlər ki, Azərbaycan bundan sonra da özü öz maraqlarını təmin etmək iqtidarındadır. Rəsmi Bakının qətiyyəti və konkret mövqeyi göz qabağındadır. Elə buna görə də üçüncü tərəflər tələsir, müxtəlif təşəbbüslərlə vasitəçilik rolunu öz üzərlərinə götürmək istəyirlər. ABŞ dövlət katibinin çağırışı da bu kontekstdən qiymətləndirilməlidir. Lakin eynilə Moskva kimi, Vaşinqton da səmimi deyil. Əks halda, ABŞ ötən otuz il ərzində Minsk Qrupunun həmsədrlərindən biri kimi müsbət nəticəyə nail olardı. Amma biz bunu görmədik. Əksinə, ABŞ digər vasitəçilər kimi daim prosesin uzanmasına çalışdı. Odur ki, indi də Ağ Evdən səmimi səylər gözləməyə dəyməz. Bununla belə, deməliyik ki, üçüncü güclərin mübarizəsi regionda yeni fürsətlər yaradır. Biz bu rəqabətdən öz xeyrimizə, maraqlarımızın təmin olunması istiqamətində istifadə edə bilərik. Əlbəttə, KTMT-nin iclası ərəfəsində ABŞ-ın fəallaşması, dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı, həmçinin generalların İrəvana səfəri təsadüfi deyil. Bu, Ağ Evin narahatlığından xəbər verir. ABŞ Ermənistanı Rusiyanın nəzarətindən kənarlaşdırmaq, öz təsiri altına salmaq istəyir. Azərbaycan artıq regional və beynəlxalq siyasi oyunçudur. Ermənistanla münasibətlərin normallaşmasında vasitəçi olmaq istəyən tərəflər bunu qəbul edirlər. Nə Moskva, nə də Vaşinqton Bakı ilə münasibətləri pisləşdirmək istəyər. Biz bundan istifadə edərək, onların İrəvana təzyiq göstərmələrini təmin edə bilərik. Bütün hallarda üçüncü güclərin vasitəçilik iddiaları nəticəsində regionda yaranmış xaotik vəziyyətdən yararlanmalıyıq. Buna baxmayaraq, balanslı siyasət davam etdirilməli və üçüncü tərəflərin proseslərə təsir imkanı minimum olmalıdır”.

Mənbə

Share: