“Küçələrdə yatdım, ərimə görə bankrot oldum, mağaza və obyektlərim əlimdən çıxdı” 

 

“Yaxşı olmağa çalışıram. Həyatla mücadilə edirəm. 72 yaşım tamam olacaq. Qızım və iki nəvəmlə birlikdə kirayədə qalıram. Borclarım çoxdur. Nə işıq pulunu verə bilirəm, nə də qaz pulunu. İmzalı şəkillərimi, CD və kasetlərimi satmaq məcburiyyətində qaldım. Həyat çox çətindir. Ayaqlarım üstündə qalmağa çalışıram. Bu yaşda heç kim mənə iş də vermir. Bazarda ikinci əl əşyaları satırdım. Özümə uyğun iş olarsa böyük məmnuniyyətlə işləyərəm. Vaxt var idi jurnalistlər arxcamca qaçırdı ki, bir kəlmə söz deyim, bu gün isə artıq o Serpildən əsər-əlamət qalmayıb”

 

 

 

Bunu Moderator.az-a özəl açıqlamasında Yeşilçamın məşhur siması, müğənni, aktrisa, model, “qadın ayaq” adı ilə tanınan Serpil Örümcer deyib. O daha sonra əlavə edib.

“Yalandan deyim ki, kasetlərimi və imzalı şəkillərimi alanlar çoxdur, bu yalan olar. Çox az adam alır. Buna da şükür. Alanlar daha çox nostalji marağında olanlardır. Mənim CD, kasetlərimi və şəkillərimi internetdə mənim adımdan satırlar. Kimin satdığını bilmirəm. Bu pul mənə gəlmir. Mən müəlliflik hüququmdan istifadə edib, onlara qadağa qoya bilmirəm. Hüquqşünasın yanına gedib şikayət edirəm. Deyir ki, siz o vaxtların sənətçisisiniz, ola bilər ki, sizin şəkillərinizi satsınlar. Bunu mənə hüquqşünas deyir! Ona görə də öz şəkilimi əlimdə tutub, foto çəkdirib instaqram səhifəmə yüklədim ki, mənə inansınlar. Görsünlər ki, imzalı fotolarımı özüm satıram” deyə müğənni bildirib.

 

Serpil xanım deyir ki, paylaşımından sonra ona dəstək olanlar da olub.

“Işın Karaca 2 aylıq su, qaz və işıq pulumu ödədi. Bundan sonra bilmirəm ödəyəcək ya yox?! Qızcığaz xəstədir, ona da qıymıram. Sabah desə ki, ödəmirəm, ona bir söz söyləyə bilmərəm. Bəzən aldadırlar ki, gəlib kömək edəcəyəm, amma heç bir köməklik etmirlər. Soyuducum xarabdır, ərzaqları heç soyutmur. Biri söz verdi, amma hələ də alıb gətirməyib. “Arka sokaklar” serialından mənə dəstək gəldi. 3 bölüm oynadım. O qonorarla ev kirayəsinin pulunu və bir neçə borcumu ödədim. Ev yiyəsi kirayə pulunun yarısını aldı. Heç bir sənətçi yoldaşımla münasibətim yoxdur. Çünki bir çoxu mənim vəziyyətimdədir. Bir-birimizi itirmişik. Hərəsi bir ölkəyə gedib. Yaxşı olardı ki, ehtiyac içərisində olan sənətçilər üçün xeyriyyə konsertləri təşkil olunsun. Çünki mənim vəziyyətimdə olanlar çoxdur. Mədəniyyət Nazirliyindən də bir dəstək görmürük. Dərmanlarımızı da, ərzaqımızı da öz pulumuzla alırıq” deyə yeşilçam ulduzu deyib.

 

 

Serpil Örümcer bildirib ki, illər öncə etdiyi səhvlər olub.

“Müğənni, məşhur “Samanyolu” mahnısının ifaçısı Berkantla ailə qurmuşdum. Müğənni və aktrisa olmağımın yox, amma öz ağılsızlığımın peşmanlığını yaşadım. Böyük səhvlərim oldu. Özü də çox böyük. Bir neçə yerdə marketim, mağazam var idi. Bu gün heç biri qalmayıb. İkinci evliliyimdə hər şeyimi itirdim. Ərim yaxşı niyyətimdən istifadə etdi. Mənə çoxlu obyektlər açdırıb, hər şeyi üstümə açıb qaçdı. O gün batdım! Hazırda o rəhmətə gedib. Allah heç kimin etdiyini yanına buraxmır. Mən Allaha sığınan bir insanam. Kimsənin ölümünə də sevinmirəm. Hələ də yaxşı niyyətliyəm. Bu xasiyyətim heç də yaxşı deyil” deyə müğənni bildirib.

Yeşilçam ulduzu bildirib ki, o illərdə pulu yox, sırf sənəti düşünüb.

 

 

“Mən 5 filmdə çəkildim, amma pul almadım. Bir avtomobilim var idi, aldığım azacıq qonorar onun benzininə getdi. Biz o illərdə böyük pullar qazana bilmirdik. İndikilər böyük pullar qazanır. Bir konsert verib evlər alırlar. Bu günki mahnılar da yaddaqalan deyil. Köhnə mahnıları daha çox bəyənib, dinləyirəm. Işın Karacanın, Ebru Gündeşin səsi çox gözəldir. Yeni nəsli heç bəyənmirəm. Bu gün müxtəlif səs effektləri ilə düz-qoş edib mahnı oxuyurlar. Atamı da məzardan qaldırsam bu gün o da müğənni ola bilər. Bu gün müğənni olmağa nə var ki?! Bilirəm ki, Azərbaycanda da bu gün vəziyyət mən deyən kimidir. Amma sizdə də gözəl, fərqli səslər var” deyə Serpil Örümcer deyib.

 

Mənbə

Share: