Laporta 124 milyon avro tapmalıdı

“Barselona”nın yeni prezidenti Joan Laporta  vəzifəsinə başlamaq üçün 124 milyon avro tapmalıdır.

Qol az “Sport”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin klub nizamnaməsinə və İspaniyayadakı idman qanunlarına görə, o, büdcənin 15 faizinə təminat verəcək büdcə təqdim etməlidir. Bu isə o deməkdir ki, Laporta 10 gün ərzində 124 milyon avro tapmalıdır. 58 yaşlı rəhbər seçim mərhələsində 35 milyon avroluq bir büdcə təqdim edib. Hazırda o, təminat üçün maddi mənbə axtarışındadır.

Laporta prezident seçildiyi andan onun Kilian Mbappe (PSJ), Erlinq Haaland (“Borussiya”)  kimi oyunçuları “Barselona”ya gətirəcəyi deyilir. Lakin rəhbər  hazırda sadəcə vəzifəsini icra etməyə başlamaq üçün sözügedən futbolçuların təzminat qiymətinə yaxın vəsait tapa bilmir.

Qeyd olunub ki, Laporta lazımi məbləği tapa bilməsə, “Barselona”da təkrar seçkilər keçiriləcək.

Xatırladaq ki, Laporta martın 7-də keçirilən prezident seçkilərində 54,28 faiz səslə qalib olub. O, Viktor Font və Toni Freyşanı qabaqlayıb.

Share: