Lavrov Mirzoyanla mətbuat konfransında nələr dedi?

“Birinci prioritet Laçın dəhlizi və bütövlükdə Qarabağ ətrafında vəziyyətin nizamlanmasıdır”.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

 

“Biz Qərbin Rusiya və Ermənistanı mübahisə etməyə sövq etmək üçün gizli cəhdlərini görürük, əminəm ki, onlar uğursuzluğa məhkumdurlar. Qərb ölkələri öz eqoist maraqlarını düşünərək regional arxitekturaya xələl gətirməyə çalışırlar. Moskva və İrəvan artıq strateji tərəfdaşlıq və müttəfiqliyin inkişaf xəttini müəyyən ediblər. Yaxın vaxtlarda xarici işlər nazirlərinin müavinlərinin ikitərəfli və regional məsələlər üzrə məsləhətləşmələri keçiriləcək. Ölkələr iqtisadi əlaqələrin inkişafı üzərində işləyəcək. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi də müzakirə olunur. Rusiya və Ermənistan mədəni və humanitar əməkdaşlığı inkişaf etdirəcək”, – deyə o söyləyib.

 

Lavrov rus dilinə və mədəniyyətinə diqqətli münasibətə görə İrəvana təşəkkür edib. Nazir bildirib ki, tərəflər Ermənistanda rus məktəblərinin sayını artırmaq, dərsliklərlə təmin etmək, müəllimlərin ixtisasını artırmaq planlarını müzakirə edib.

 

“Moskva regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun həmsədrlərinin tezliklə konkret razılıq əldə edəcəyini gözləyir”, – Lavrov əlavə edib.

 

Lavrov danışıqlar prosesinin tezliklə bərpasının vacibliyini vurğulayıb və üçtərəfli görüş üçün konkret tarixin müəyyənləşdirilməsi prosesinin getdiyini deyib.

Mənbə

Share: