Leyla Əliyeva pulsuz çimərliklər yaradır

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılmasına başlanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Milletinsesi.az-a bildirilib ki, paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların İDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq Birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə dənizkənarı ərazilərdə mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılmasına başlanıb.

İlk olaraq belə çimərlik Səbail rayonunda, Şıx çimərlik ərazisində, Salyan yolu 32 ünvanında (Bakı Şəhər Baş Gömrük İdarəsi ilə üzbəüz) dəniz kənarında 6 hektar sahədə yaradılıb. Əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılıb, burada 60 kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinaları, 2 yerdə duş, 2 yerdə 2 kabinalı sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 söhbətgah quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, 3500 kvadratmetr ərazidə avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb.

Vətəndaşların istirahətlərinin təşkili üçün çimərlik ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.

Yaxın günlərdə Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.

Şıx ərazisində fəaliyyətə başlayan və digər ərazilərdə yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.

 

Share: