Limon bu xəstəliklərin müalicəsində faydalıdır

Limon C vitamini ilə zəngin olan meyvələrin önündə gəlir.

Bu sitrus meyvəsindən çaylarda, salatlarda, detoks içkilərin hazırlanmasında, eləcə də yüksək təzyiqi aşağı salan vasitə kimi də istifadə olunur. Lakin zəngin tərkibinə və faydalarına görə limon həm də müəyyən xəstəliklərdə təbii dərman sayılır. Bəs hansı xəstəliklərin müalicəsində limondan istifadə etmək olar.

E-tibb.az fitoterapevt Fizuli Hüseynovun bu barədə fikirlərini diqqətinizə çatdırır.

Limon bütün dünyada sevilən, ən çox istifadə edilən bir meyvədir. Dadının turş olmasına baxmayaraq, tərkibi qələvi maddələrlə zəngindir. Bədən mühitini turşdan qələviyə doğru bərpa etmək üçün limon ideal bir meyvədir. Çarəsi olmayan sistem xəstəliklər, autoimmun xəstəliklər, şiş xəstəlikləri, böyrək, öd daşları, podaqra və s. patologiyalar məhz turş mühitdə əmələ gəlir. Belə xəstəliklərin müalicəsi zamanı bədən mühitini qələviləşdirmək lazımdır.

Limon şirəsi 50-yə yaxın virusa təsir edir. Vitamin C ilə zəngindir, onun çatışmazlığı ağız yaraları, daxili qanaxmalar və s. təhlükəli hallara səbəb olur. Limon çox güclü həlledicidir, belə ki, bədəndə olan toksinləri, ağır metal duzlarını, şlakları və başqa zərərli maddələri həll edib əritmə gücünə malikdir.

Limon ən yaxşı təmizləyicidir, həmçinin bağırsaqlarda çürümə proseslərini ləngidir.

Limonun dadının turş olmasına baxmayaraq, mədə qıcqırması zamanı onun şirəsini adi suya qarışdırıb içdikdə turşunu neytrallaşdırır, yəni qıcqırmanı və turşuluğu aradan qaldırır. Su ilə qarışdırılmış limon şirəsi həm də xaricə istifadə olunur, məsələn, ağız və boğaz yaraları zamanı qarqara olunur, burun qanaxmasının qarşısını alır, dərinin göbələklə zədələnmələrində tətbiq olunur, xalların və çillərin üzərinə gündəlik çəkilməsi onları aradan qaldırmağa kömək edir.

Dırnaqlar kövrəkləşdikdə, tez sındıqda və kələ-kötür olduqda onları gündə 2 dəfə 30 dəqiqə limon şirəsinin içində saxlamaq lazımdır.

Qurudulmuş limon qabığından dəmlənilən çay bağırsaq köpünü götürür, həzmə kömək edir və əhval-ruhiyyəni yüksəldir.

Limon ürəyin işemik xəstəliklərində çox faydalıdır, məsələn, ateroskleroz (damar kirəcləşməsi) xəstəliyi və infarktın qarşısını almaq üçün beş baş sarımsaq sürtgəcdən keçirilir, 15 ədəd limonun şirəsi və 1 kq bal ilə qarışdırılır, hər gün qarışdırmaq şərti ilə 10 gün qaranlıq və sərin yerdə saxlanılır, gündə üç dəfə yeməkdən 2 saat sonra 1 çay qaşığı yeyilir.

Yüksək qan təzyiqini müalicə etmək üçün daha bir maraqlı və faydalı resept: qıtıqotu kökü 2 gün suda saxlanılır, sonra sürtgəcdən keçirilir, yarım stəkanının üstünə 1 stəkan kök şirəsi, 1 stəkan limon şirəsi, 1 stəkan bal əlavə edib qarışdırılır, hər gün qarışdırmaq şərti ilə 1 həftə, qaranlıq soyuq yerdə saxlanılır. Gündə 3 dəfə yeməkdən 2 saat sonra 1 çay qaşığı içilir.

Stenokardiya, həmçinin ürək damarlarının spazmının müalicəsi üçün 5 ədəd qabıqlı limonun və 2 ədəd orta ölçülü aloe yarpağının şirəsini 500 qram bal ilə qarışdırıb soyuq, qaranlıq yerdə 10 gün saxlayıb, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı qəbul etmək lazımdır.

Ürək əzələsinin zəifliyini aradan qaldırmaq üçün kaliumla zəngin belə bir qarışıq hazırlamaq olar: kişmiş, qoz, bal və limon şirəsinin hərəsindən 1 stəkan qarışdırılır, məcun hazırlanır. Bu məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır.

Bağırsaqları qurdlardan təmizləmək üçün üç gün səhər acqarına 1 ədəd təzə limonun qabığını yemək lazımdır. Yaxud 3 ədəd limonun tumlarını qurudub qəhvəüyüdəndən çəkmək, 1 stəkan su ilə yemək olar. Bu resept bədəndəki qurdların çox hissəsini tökmək gücünə malikdir.

Öd yollarını təmizləmək üçün yarım stəkan limon şirəsi və yarım stəkan çuğundur şirəsini bir-birinə qarışdırıb səhər acqarına içmək olar. Bu müalicə 10 gün aparılır.

Öd daşını əritmək üçün 100 qram qara turpun şirəsi, 100 qram limon şirəsi, 100 qram zeytun yağı qarışdırılır, 2 ay səhərlər acqarına 1 xörək qaşığı içilir.

1 stəkana yarısına qədər limon şirəsi, 1 xörək qaşığı alma sirkəsi, 1 xörək qaşığı bal və stəkanın qalan hissəsinə çiy su əlavə edərək qarışdırılır. Bu qarışım gündə 2 dəfə səhər-axşam yeməkdən yarım saat əvvəl içilir. Bu resept böyrək daşlarını əridir müalicə müddətində sidik əvvəlcə bulanıqlaşır, sonra yavaş-yavaş durulur.

Share: