“Mənə deyirlər ki, biz sizi görəndə yaşa dolmaqdan qorxmuruq…”

“Demək ki, insan özünə baxanda hər yaşda gənc də, gözəl də qala bilər”

 

“Həyatda nə arzulamışamsa hamısına çatmışam. Allaha çox şükür ailəm, gözəl övladlarım, nəvələrim, mənə çox hörmət edən, məni sevən həyat yoldaşım, tamaşaçılarım var! Allah heç vaxt ruzini, xoşbəxtliyi, gözəlliyi, qabiliyyəti, ləyaqəti məndən əsirgəməyib. Bir neçə gün öncə Beynəlxalq Muğam Mərkəzində 60 illik yubileyim keçirildi. Tamaşaçı əlindən boş yer tapılmırdı. Bir çox ziyalı insanlar, mötəbər xanımlar, öz yaxınlarım və ailəm belə zalda otura bilmədi. Ailəm məni dəhlizdən izlədilər” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Mələkxanım Əyyubova deyib. O daha sonra əlavə edib.

 

“İndi sənətimin də, yaşımın da elə bir astanasayındayam ki, nə  gənclikdir, nə də ki, qocalıq. Gözəl bir dövründəyəm. Gənclik arxada qalıb, amma qocalığa da hələ çox var. Nənəyəm, bu da böyük xoşbəxtlikdir. Nənəlik yaşla ölçülmür. Yaşdan da qorxmaq lazım deyil. Əsas odur ki, xanım həmişə özünü təravətli saxlasın, baxımlı olsun. Heç nə hamar, düz olmur.

Düşünürəm ki, hər zaman sənətimə, xalqıma layiqli xidmət etmişəm. Öz sənətimlə, səsimlə bir çox dünya ölkələrini gəzmişəm. Bütün titulları, təltifləri qazanmışam. Dövlətimə, dövlətçiliyimə, xalqıma, dostlarıma, tələbələrimə layiqli bir insan olmağa çalışmışam. Bu gün də sənətdəyəm, ömrüm bitmir, Allah nə qədər ömür verib onu da yaşayacam. Amma mən də yerimdə addımlamıram, yerimdə saymıram, hər zaman öz sənətimlə məşğulam. Buna görə də xalqımdan sevgini, dövlətimdən o qayğını hər zaman gözləyirəm. Necə ki, onlar məni sevib, əzizləyib, düşünürəm ki, bu hər zaman belə olacaq” deyə sənətkar bildirib.

 

Mələkxanım Əyyubova bildirib ki, bir çox gənc sənətçi onun ailəsini və sənətini özünə örnək bilir. 

 

“Tələbələrim bir yana, sənətdə olan xanım sənətçilər də hər zaman məni görəndə deyirlər ki, biz sizdən çox şey öyrənmişik, hər zaman da öyrənirik. Nəinki sənət, sənətlə bərabər sizin mədəniyyətinizə, geyiminizə, səhnədə davranışınıza baxıb, onlardan da nələrsə götürürük. Gənc xanımlar hətta mənə deyir ki, biz sizi görəndə yaşa dolmaqdan qorxmuruq. Demək ki, insan özünə baxanda, özünə diqqət yetirəndə hər yaşda gənc də, gözəl də qala bilər. Bu sənət aləmində mən onlara hərtərəfli bir örnək ola bilmişəmsə buna görə çox sevinirəm. Çünki gənclərimiz səhnədə bizləri görüb sənətə gəlirlər. Bizim səhnədə zəif çıxış, davranışımızda kobudluq etməyə heç bir ixtiyarımız yoxdur. Biz sənətdəyiksə, təkcə özümüzü yox, gənclərimizi də düşünməliyik. Ona görə də mən düşünürəm ki, bizim gənclər doğru yoldadır. Çox hörmətli Mehriban xanımın dəstəyi ilə keçirilən muğam müsabiqəsində də gənclərimiz yetişir. Onlar bu muğam müsabiqəsində böyük bir məktəb keçirlər, daha sonra səhnəyə atılanda artıq bünövrələri olur. Düşünürəm ki, onlar artıq özlərini necə qorumaq lazımdırsa bunu bilirlər. Sənətin zirvəsinə çatmaq üçün öncə istedadın olmalıdır. İstedadla bərabər zəhmət də çəkmək lazımdır. İstedada arxalanıb zəhmət çəkməsən heç vaxt sənətin zirvəsində olmazsan. Bu çox çətin və məsuliyyətli sənətdir. Bunların hamısı olandan sonra Allah da gərək insanın bəxtini, şansını versin” deyə xanəndə bildirib.

 

Mələkxanım Əyyubova vaxtilə sənətdə rastlaşdığı çətinlikləri də xatırlayıb.

 

“Heç nə hamar, düz olmur. Sənətdə olan bir xanım üçün bu ikiqat çətin idi. Özü də 70-ci illər. Hər kəs öz qız övladını bu sənətə gəlməyə qoymurdu, elin qınağı var idi. Xanım sənətçilərin ailə həyatı qurması da çətin idi. Amma atam o həvəslə, eşqlə yaşayırdı ki, mənim qızım müğənni, xanəndə olacaq. Mən isə deyirdim ki, istəyirəm ailəm olsun, elə bilirdim ki, sənətə gəlsəm ailəm olmayacaq. Sənəti də istəyirdim” deyə xanəndə bildirib.

Mənbə

Share: